Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayevin ötən həftənin şənbə günü Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşü zamanı çıxışı ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan iddialara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib:
“Bu barədə Elm və Təhsil Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşıb. Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq”.
Qeyd edək ki, bəzi xəbər saytlarında yayılan məlumata görə, Emin Əmrullayev görüşdə deyib ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və uşaqları repetitor hazırlığına cəlb edirlər. Həmçinin iddia edilmişdi ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib.
www.102info.az