Şirvan sakini maşınını əzib qaçan şəxsdən şikayətçidir.
Bu barədə Oxu.Az-ın redaksiyasına qəzada zərərçəkmiş Telman Həsənov məlumat verib.
Belə ki, onun sözlərinə görə, avqustun 20-də Şirvan şəhərinin Füzuli parkı yaxınlığında öz şəxsi VAZ markalı avtomobili (99-BQ-757) ilə hərəkət edən zaman ikinci yoldan digər maşın onun yoluna çıxıb. Qarşı tərəf maşını əzdikdən sonra hadisə yerindən uzaqlaşıb. Hazırda avtomobilinin yararsız vəziyyətdə olduğunu deyir.
Zərərçəkmiş haqlı olduğu halda polis əməkdaşının onu günahkar hesab etməsindən şikayətçidir:
“Polis əməkdaşı birinci onun günahkar olduğunu bildirdi. Lakin sonradan məni günahkar saydılar. Şikayətdən sonra isə sığortaya yönləndiriblər. Ziyanın 50 faizini ödəyəcəyini dedilər”.
Telman Həsənov ziyanın tam ödənilməsini tələb edir:
“Bu günə qədər də maşınım düzəlməyib. Qarşı tərəfin nəqliyyat vasitəsi (99-TH-368 nömrəli VAZ-2107) atasına məxsus idi. Lakin övladı sürürmüş. Üstəlik, polis qəzanın qarşısını almaq üçün qoşa xətti keçdiyimə görə adıma protokol da yazıb”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevə müraciət etdik. Mübariz Ağayev Oxu.Az-a bildirib ki, qəza olmaması üçün etsə belə, yol-nəqliyyat hadisəsi baş veribsə, protokol yazılmalıdır:
“Yol-nəqliyyat hadisəsi baş verirsə, polis müəyyən edir ki, həmin şəxs hadisənin baş verməməsi üçün hansı imkanlardan istifadə edib.
Bu isə o deməkdir ki, təqsiri müəyyən olunub. Şəxs əgər yol hərəkəti qaydalarını pozursa, bu da hadisə və qəza ilə nəticələnirsə, bütün hallarda yol patrul əməkdaşı tərəfindən protokollaşdırılır. Vətəndaş iddia edir ki, mən qəza baş verməsin deyə qayda pozmuşam. Faktiki olaraq qəza baş verib. O zaman onun dediyi yanlışdır”.
M.Ağayev əlavə edib ki, sürücü intensivliyə, ara məsafəsinə diqqət etməlidir:
“Sürücünün hüquq və vəzifələri var. Sürücü qəzanın baş verməməsi üçün qabaqlayıcı tədbirləri görməlidir. O, sürət həddinə, intensivliyə diqqət etməli, ara məsafəsi saxlamalıdır. Ara məsafəsinin nə qədər olması ilə bağlı qanunvericilik heç nə demir. Çünki yol şəraitinə, intensivliyə əməl olunmalıdır. Konkret bir arqumentdən asılı deyil. Sürücü özü seçməlidir.
Sürücünün üzərinə konkret vəzifələr qoyulur. Sürücü daim ayıq, diqqətli olmalıdır. Qayda pozub ki, qəzadan yayınsın, faktiki olaraq qəza baş verib. Verdiyin qərar doğru deyil. “Qaydanı pozdum ki, qəza olmasın” – bu, yanlışdır. Araşdırma aparmaq lazımdır”.
Nəzrin Vahid
www.102info.az