Bakıda fəaliyyət göstərən Dünya Məktəbinin rəhbərliyi ilə övladları bu təhsil ocağında oxuyan valideynlər arasında narazılıq yaranıb.
Buna səbəb Dünya Məktəbinin rəhbərliyinin valideynlərdən 2019-2020 tədris ili üçün nəzərdə tutulan məbləği tam həcmdə ödəməyi tələb etməsi olmuşdur.
250-dən çox narazı valideyn Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevaya, Baş nazir Əli Əsədov və Təhsil naziri Ceyhun Bayramova məktub ünvanlayaraq, Dünya Məktəbinin direktoru Nailə İsaxanlıdan şikakayətçi olduqlarını bəyan ediblər.
Redaksiyamıza göbdərilən müraciətdə deyilir:
“Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır. Mövcud vəziyyətlə əlaqədar onlayn dərslər təşkil olunsa da, şagirdlər müəllimlərlə və şagird yoldaşları ilə birbaşa ünsiyyətdən, eləcə də məktəb tərəfindən təşkil edilən əlavə tədrisdən (idman, musiqi, rəqs, rəsm dərsləri) məhrum olmuş, dərs saatları 8 saatdan 3 saata enmiş, tədris yükünün böyük hissəsi prosesə cəlb olunan biz valideynlərin üzərinə düşmüşdür.
Məlum dövr ərzində ölkədə fəaliyyət göstərən bütün təhsil ocaqları fəaliyyətini dayandırdığıdan, onlardan biri olan Dünya Məktəbi də işıq, su, istilik və havalandırma sistemləri, məktəb binasının gündəlik şagirdlərin ixtiyarına verilməsi üçün təmizlik və digər bu cür xərclərdən azad olmuş, həmçinin, Koronavirus (COVID-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almışdır.
Bu müddət ərzində Məktəb rəhbərliyi, həmçinin müqavilədə nəzərdə tutulmuş qidalanma xərclərindən də azad olmuşdur.
Qeyd olunanları nəzərə alaraq, biz valideynlər Məktəb rəhbərliyinin mövcud vəziyyəti ədalətli şəkildə dəyərləndirəcəyini və təhsil haqqında hər iki tərəfi qane edəcək şəkildə güzəşt tətbiq edəcəyini ümid edirdik. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı açıqlama verilmədiyindən biz valideynlər telefon vasitəsilə Məktəblə əlaqə saxlayaraq təhsil haqqında hər hansı güzəştin olub-olmayacağı ilə maraqlanmışıq.
Qeyd olunanların fonunda Məktəbin təhsil haqqı ilə bağlı tətbiq etdiyi məbləğ biz valideynlər tərəfindən qəbul edilmədiyindən, bütün valideynlər fərdi və kollektiv şəkildə ərizələrlə Məktəb rəhbərliyinə müaciət edərək, qərarın təkrar nəzərdən keçirilməsini və məqbul güzəştin tətbiq edilməsini xahiş etmişik. Lakin Məktəb rəhbərliyi əvvəl göndərilən məktubla eyni məzmun daşıyan məktubu təkrar valideynlərə göndərmiş və qərarda dəyişikliyin olmayacağını bəyan etmişdir. Məktəbin bu etinasızlığı biz valideynləri hiddətləndirmiş və onlar Məktəb rəhbərliyi ilə görüş üçün çoxsaylı müraciətlər etmişlər. Təəssüflər olsun ki, Məktəb rəhbərliyi bu məsələdə də etinasızlıq nümayiş etdirmiş, nəinki məktəb rəhbərliyi, məktəbin hüquqşnası ilə belə görüş təşkil edilməsinə razılıq verilməmişdir. Yalnız Məktəbin qərarına etiraz edən 250-dən artıq valideyin tərəfindən bir sıra müvafiq dövlət qurumlarına şiakyət məktubu ünvanlandıqdan sonra, Məktəb rəhbərliyi valideynlərlə görüşməyi qəbul etmiş, lakin bu görüş də nəticəsiz qalmışdır. Belə ki, görüşdə Məktəb rəsmisi tərəfindən təhsil haqqında güzəşt edilməyəcəyi təkrarən bildirilməklə yanaşı, ultimativ qaydada valideynlərdən dərhal təhsil haqqını ödəmələri, əks halda şagirdlərin sinifdən sinifə keçirilməyəcəkləri bəyan edilmiş və təhsil haqqını tam ödəməklə valideynlərin övladlarını məktəbdən çıxarmaqda sərbəst olduqları vurğulanmışdır.
Məsələnin hüquqi tərəflərinə nəzər salsaq, yenə də biz valideynlərin təhsil haqqında güzəşt tələb etməkdə haqlı olduqlarını görmək olar.
Belə ki, Müqavilənin 2-ci və 3-cü maddələrində həm məktəbin, həm də valideynlərin hüquq və vəzifələri müəyyən edilib. Həmin vəzifələrin içində məktəbin şagirdlərin təlim-tərbiyyə prosesini yüksək səviyyədə təşkil etmək (maddə 2.1.) və valideynin buna uyğun təhsil haqqını müqavilədə qeyd olunmuş qaydalar əsasında ödəmək (maddə 3.5.) göstərilib.
Müqavilənin 5.1.-ci maddəsində Qarşısıalınmaz qüvvənin anlayışı verilib. Həmin maddəyə əsasən qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizodiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları, dövlət orqanlarının qərarları və digər hallar aiddir.
Müqavilənin 5.3.-cü maddəsinə əsasən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır.
Müqavilənin 5.3.-cü maddəsinin məzmunundan elə çıxır ki, karantin dövründə məktəbin valideynlərdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ yoxdur və həmin öhdəlik karantin dövrü ərzində uzadılmış hesab edilir.
Göründüyü kimi, hər hansı yeni şəraitin və şərtlərin tətbiqi üçün, o cümlədən onlayn tədris üçün tədris haqının müəyyən edilməsi üçün birtərəfli olaraq xidmət haqqından 300 manatın azaldılması yox, hər iki tərəfin qarşılıqlı razılıqla müəyyən edilməsi tələb edilir.
Həm hüquqi, həm məntiqi, eləcə də mənəvi cəhətdən valideynlərin güzəşt tələb etməyə haqqı olsa da, Məktəb rəhbərliyi heç bir şəkildə valideynlərə tərəf addım atmaq və güzəşt etməyi düşünmür. Bu isə onu göstərir ki, Məktəbin ali məqsədi ölkəyə savadlı, parlaq şagirdlər yetişdirilməsi deyil, pul qazanmaqdır. Bütün dünyanın hal hazırda əziyyət çəkdiyi bir zamanda məktəb rəhbərliyinin pandemiya hesabına əlavə qazanc əldə etmək istəyi sadəcə olaraq təəssüf doğurur.
Sizlərdən çox xahiş edirik ki, biz valideyinlərə köməklik göstərəsiniz”.
Qeyd edək ki, Dünya Məktəbində illik təhsil haqqı siniflərə görə dəyişir. Hazırlıq bölməsində oxumaq istəyən uşağın valideyni ildə 7 000 manat ödəniş etməlidir. I-IV siniflərdə ingilis bölməsində bu məşbləğ 9 500, Azərbaycan və rus bölmələrində isə 9 000 manat təşkil edir.
V-VIII siniflərdə illik ödəniş 11-12 min manat, IX-XI siniflərdə isə 13-14 min manat təşkil edir.