Anar Rəfiyev: “Müharibə başlayandan sonra “Starlink” terminalları Ukraynanın qaynar nöqtələrinə çatdırılıb”

Cəmiyyət

“Ukraynanın Enerji Səmərəliyi və Enerjiyə Qənaət Fondu” İctimai Birliyinin İdarə Heyətinin azərbaycanlı sədri Anar Rəfiyev müharibə başlayandan sonra Ukraynanı tərk etməyib, əksinə, yüzlərlə ailənin təxliyəsində, humanitar yardımın toplanmasında, Ukraynanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlı qəhrəmanların nəşlərinin Vətənə göndərilməsində fəal iştirak edib, həmçinin Ukrayna ordusuna dəstək verib.

“Report” Anar Rəfiyevlə söhbətləşib:

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Ukraynanın infrastrukturunun bərpasına kömək etmək üçün hansı planlarınız var? Bu, ölkənin hansı bölgələrinə təsir edəcək və bu məqsədlə nə qədər maliyyə vəsaiti ayrılıb?

– Müharibədən əvvəl biz dövlət vəsaiti, xarici kreditlər və qrantlar hesabına həyata keçirilən termotənzimləmə, enerjiyə qənaət layihələri ilə məşğul olurduq.

İctimai Birliyin İdarə Heyətinin azərbaycanlı sədri olaraq, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ukraynada qalmaq və müharibə dövrünün reallıqlarını nəzərə alaraq təşkilatımızın fəaliyyətini yenidən formatlaşdırmaq qərarına gəldim. Biz Rusiya qoşunlarının törətdiklərindən zərər çəkmiş şəhər və qəsəbələrə lazımi yardımı çatdıran beynəlxalq könüllülər qrupunun Humanitar Qərargahını təşkil etdik.

Tikinti, eləcə də enerjiyə qənaət məsələləri üzrə ixtisaslaşmış İctimai Birlik artıq bir müddətdir ki, öz səylərini Ukraynanın yenilənməsinə yönəldib.

Üçüncü aydır ki, “ESRI Ukrainei” MMC (ABŞ-ın “Esri” şirkətinin Ukraynadakı təmsilçisi) və “Elektron Ukraynai” ictimai təşkilatı ilə əməkdaşlıq çərçivəsində dağıntıların qeydə alınması və geoinformasiya sisteminin inkişaf etdirilməsi üzrə “Ukraynanı birlikdə bərpa edək” adlı portalın tətbiqini həyata keçiririk. İctimai birlik Kiyev vilayətində və digər regionlarda hərbi əməliyyatlardan zərər çəkmiş icmalarla qarşılıqlı əlaqədə olur, dağıntıları qeydə alır və bu regionların bərpası üçün investisiyalar axtarışını həyata keçirir.

Artıq müharibədən ən çox zərər çəkmiş Buça, Makarov, İrpen, Çerniqov və digər ərazilərdə yaşayan icmalar geoinformasiya portalından fəal şəkildə istifadə edirlər. Bu icmalarla GIS xidmətindən pulsuz istifadəyə dair müvafiq memorandumlar və müqavilələr imzalanıb. Zədələnmiş və ya məhv edilmiş obyektlər haqqında məlumatların daxil edilməsi üzrə işlər hər gün davam edir: bu obyektlərin əksəriyyəti artıq GIS portalının məlumat bazasına daxil edilib. Layihəyə Ukrayna Energetika Nazirliyi, Regional İnkişaf Nazirliyi qoşulub, digər dövlət qurumları ilə danışıqlar aparılır.

Portalın açıq hissəsində işlər tamamlanmaq üzrədir. Bu da ukraynalılara açıq şəkildə bərpa prosesinə nəzarət etməyə, həm ölkə səviyyəsində, həm də hər bir konkret ev və ya sosial obyekt səviyyəsində bərpa prosesində fəal iştirak etməyə imkan verəcək.

Bundan əlavə, GIS portalı öz səylərini, təcrübələrini və vəsaitlərini Ukraynanın yenilənməsi yolunda sərf etmək istəyən hər kəs – Ukrayna və xarici biznes nümayəndələri, investorlar, beynəlxalq donorlar üçün platformadır.

Təcrübəmizə əsaslanaraq, biz enerji və istiliyə qənaət sahəsində ən yaxşı dünya texnologiyaları əsasında daha təhlükəsiz, daha səmərəli və təkmilləşdirilmiş Ukrayna qurmağa çalışırıq.

Təşkilatımızda “Research and Development” (R&D) şöbəsi var. Bu şöbə innovativ texnologiyaların, o cümlədən enerjiyə qənaət üzrə texnologiyaların öyrənilməsi və tətbiqi üçün yaradılıb. Məqsədimiz Ukrayna iqtisadiyyatını idxal resurslarından, ilk növbədə Rusiyanın enerji resurslarından mümkün qədər müstəqil etməkdir.

Fəaliyyətimizin daha bir məhsulu var ki, onu geoinformasiya portalının açıq hissəsi ilə birlikdə cəmi bir neçə həftədən sonra təqdim edəcəyik. Ümid edirik ki, bu, təkcə Ukrayna ictimaiyyəti üçün deyil, həm də xarici tərəfdaşlarımız üçün maraqlı və faydalı olacaq.

– Bu və digər oxşar layihələrdə daha hansı Azərbaycan şirkətləri iştirak edir?

– “SOCAR Energy Ukraine” şirkəti ilə dostluq və tərəfdaşlıq əlaqələrimiz var. Biz birlikdə rusiyalı işğalçıların İrpen şəhərini bombalaması nəticəsində zərər çəkmiş Zərifə Əliyeva adına məktəbin bərpası ilə məşğuluq. Hazırda binaya dəymiş ziyanın vəziyyəti ilə bağlı texniki hesabat hazırlanıb, Azərbaycan səfirliyinin dəstəyi ilə bərpa işləri aparılır.

Ümid edirik ki, bu il biz təhsil ocağının fəaliyyətini bərpa edə biləcəyik. Başqa layihələr də var.

– Ukraynada müharibə başlayandan azərbaycanlıların öz vətənlərinə qayıtmalarına da köməklik etmisiniz. Təxminən neçə nəfərə kömək etmisiniz? Bu proses davam edirmi?

– Aktiv döyüşlərin ilk günlərində Ukraynada qalmağa qərar verdim. Mən bu ölkəni sevirəm, bu ölkə mənim ikinci vətənim olub və mən ukraynalıların yanında qaldım. İnsanların müharibənin xaosunda əziyyət çəkməmələri üçün Ukrayna ərazisindəki ukraynalılara, azərbaycanlılara və digər dövlətlərin vətəndaşlarına yardım edərək borcumu yerinə yetirmək qərarına gəldim.

Azərbaycan səfirliyi ilə birlikdə bir çox azərbaycanlını, eləcə də Gürcüstan vətəndaşlarını öz vətənlərinə təxliyə etmişik. Müharibənin ilk günlərində xarici vətəndaşların daşındıqları Kolomiyada bölüşdürücü mərkəz yaratdıq. Sonra könüllülərimiz onlara səfirliklərlə əlaqə saxlamaq və sərhədi keçmək kimi proseslərdə kömək edirdilər.

Təəssüf ki, kədərli missiyalarımız da olub. Azərbaycan səfirliyinin sifarişi ilə humanitar qərargahımız Ukraynanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan vətəndaşlarının nəşlərinin Vətənə yola salınması ilə məşğul olub.

İndi əhalinin təxliyəsi azalıb və humanitar qərargah diqqətini digər aktual məsələlərə yönəldib.

– Ukraynaya humanitar yardımın çatdırılması prosesi davam edir? Hansı təşkilatlar və ölkələr bununla məşğuldur?

– İctimai Birliyimiz UNICEF-in tərəfdaşıdır, artıq 900 tona yaxın humanitar yardım çatdırmışıq. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin və “SpaceX” şirkətinin tərəfdaşı olaraq, hərbi əməliyyatlar nəticəsində ətraf ərazilərlə əlaqəsi itmiş qaynar nöqtələrə 50 “Starlink” terminalı çatdırmışıq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir