Mərkəzi Bankın məlumatına görə, Bakıdan sonra ölkə üzrə ən aşağı orta kredit faizləri Naxçıvanda təklif edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov özünün “Facebook” səhifəsində bununla bağlı fikirlər səsləndirib.
Deputat bildirib ki, Azərbaycan üzrə orta kredit faizi 12,12 faiz olduğu halda, bu göstərici Bakıda 10,68, Naxçıvanda isə 13,04 faizdir:
“Qeyd edək ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda bütün növ biznes borclanması da daxildir. Bu baxımdan, istehlak kreditləri üzrə orta faiz dərəcəsi daha yüksəkdir.
Diqqəti çəkən digər məqam, rayonlarda orta kredit faizlərinin Bakı şəhəri ilə müqayisədə kəskin yüksək olmasıdır. Belə ki, orta kredit faizi Dağlıq Şirvan İqtisadi Rayonunda 19,47, Mil-Muğanda 19,02, Şirvan-Salyanda 18,88, Qarabağda 18,74, Lənkəran-Astarada 18,65, Qazax-Tovuzda 18,25, Mərkəzi Aranda 18,18 faizdir. Digər iqtisadi rayonlarda da orta kredit faizləri paytaxt ilə müqayisədə çoxdur. Bəzi rayonlarımızda orta kredit faizləri Bakıya nisbətən iki dəfə yüksəkdir.
Rayonlarda orta faizlərin yüksək olması ümumi kredit portfelinin strukturunda biznes kreditlərinin payının az olması ilə bağlı olsa da, regionlarda yüksək faizlər daha çox borclanma yaradır. Eyni zamanda, regionlarda sərmayə qoyuluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir.
Ümumi kredit portfelinin də 80 faizə yaxını paytaxtın payına düşür. Bu da bölgələrdə kredit qoyuluşlarının Bakı ilə müqayisədə xeyli az olduğundan xəbər verir. Bu isə o deməkdir ki, Mərkəzi Bank tərəfindən kredit portfelində və faizlərində regional disbalansın azaldılması və eləcə də bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
www.102info.az