Kulis.az “İllərin mahnısı” layihəsindən “Ay işığında” mahnısı haqda maraqlı faktları təqdim edir.
“Ay işığında” ən parlaq və mükəmməl əsərlərdən biri kimi Azərbaycan musiqi tarixinə daxil olmağı bacarıb. Bu mahnı xeyli ifaçının repertuarına yaraşıq verib.
XX əsrin 50-ci illəri. 35 yaşlı Qəmbər Hüseynli məhz bu ərəfədə Asif Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra peşəkar bəstəkarlıq fəaliyyətinə başlayır. O, vaxtının çox hissəsini Azərbaycan kəndlərini gəzərək folklor nümunələrinin toplanmasına sərf edir. Həmin dövrdə bu, yaradıcı mühitdə qəbul olunmuş bir ənənə idi.
1956-cı ildə, belə səfərlərin birində, gənc bəstəkarın yaradıcılığında dönüş nöqtəsi başlayır. Gecənin mənzərəsindən ilham alan Qəmbər Hüseynli “Ay işığında” mahnısını yazır. Mətn üzərində çox düşünmək lazım gəlmir. Şeir artıq vardı, 1942-ci ildə onu şair Zeynal Xəlil qələmə almışdı. Bəli, şairin şeiri yalnız 14 il sonra, bir gecədə mahnıya çevrildi.
Şeirin yaranmasının ayrıca tarixçəsi var: Zeynal Xəlil onu gələcək həyat yoldaşı Zəkiyə xanıma yazıb. 1942-ci ilin yaz axşamında Səməd Vurğun həyat yoldaşı Xavər xanım və 17 yaşlı Zəkiyə xanımla “Torqovı”da gəzməyə çıxır. Həmin vaxt dostları ilə Opera və Balet Teatrından qayıdan Yazıçılar Birliyinin katibi Zeynal Xəlil Səməd Vurğunla qarşılaşır. Zəkiyə xanımın gözəlliyinə laqeyd qala bilməyən Zeynal Xəlil “Ay işığında” şeirini yazır. Bir müddət sonra onlar evlənirlər.
Zeynal Xəlil və Qəmbər Hüseynli çox yaxın dost olublar. Hər ikisi Gəncədə doğulub. Hər ikisi öz sənətlərində ən yüksək zirvəyə çatıblar. Qəmbər Hüseynli tez-tez dostunun evinə qonaq gedirmiş və Zəkiyə xanım onların məhsuldar əməkdaşlığının çox şahidi olub. İlk dəfə “Ay işığında” şeiri ilə tanış olanda mətn bəstəkarı elə ovsunlayır ki, o, bir gün ərzində – Gəncədən Bakıya qayıdarkən, yolboyu mahnı bəstələməli olur.
Yayılmış hekayəyə görə, Qəmbər Hüseynlinin mindiyi qatarda nasazlıq baş verir, qatar uzun müddət dayanmalı olur. Hadisədən darıxan bəstəkar təbiətin qoynunda dincəlmək istəyir. Aydın yaz gecəsini işıqlandıran Aya baxır, hələ də təsirindən qurtula bilmədiyi Zeynal Xəlil yaradıcılığından qəlbində cücərən melodiyanı notlara çevirir.
“Ay işığında” mahnısına da tezliklə ifaçı tapılır. Qəmbər Hüseynlinin digər əsərlərində olduğu kimi, əvvəlcə bəstəkar mahnını gənc, istedadlı müğənni Elmira Rəhimovanın ifa etməsini istəyir. Təəssüf ki, onun bu istəyi yalnız ölümündən sonra həyata keçir.
Mahnının hazır olduğu vaxt – 1956-ci ildə onu bir neçə ay fərqi ilə iki sənətçi – əvvəlcə Mirzə Babayev, sonra isə Gülağa Məmmədov – ifa edir. Əsas fərq ondan ibarət idi ki, Mirzə Babayev royalın, Gülağa Məmmədov isə orkestrin müşayiəti ilə səhnəyə çıxmışdılar. Hər iki ifa videoya alınıb və tarix üçün qorunur.
“Ay işığında” mahnısı daha çox 1957-ci ildən, ifaçı Nərminə Məmmədovanın səsi ilə yadda qalır.
1958-ci ildə xalq alətləri orkestrinin müşayiəti ilə mahnını Sara Qədimova da ifa edir. Bundan başqa, Sara xanım Qəmbər Hüseynli ilə yaxın dost olmuşdu. Onun bir çox mahnılarının ifaçısı idi.
O da məlumdur ki, Qəmbər Hüseynli mahnının Şövkət Ələkbərova tərəfindən də oxumasını istəyib. Amma hansısa səbəbdən o zaman ifaçı mahnının bütün incəliyini çatdıra bilməyib və bu, “Ay işığında”nın gələcək taleyinə təsir edib.
Bununla belə, Şövkət Ələkbərova “Ay işığında”nı ifa etmək haqqını qazanıb. İlk dəfə məhz o, İranda və başqa ölkələrdəki qastrol səfərlərində bu mahnını fars dilində ifa edib.
Müasir aranjimanda “Ay işığında”nı ilk dəfə məşhur gitaraçı Rəmiş ifa edib. Məhz onun sənətkarlığı sayəsində bu mahnı müasir dinləyici üçün yetərincə cəlbedici olub.
Qəmbər Hüseynli qısa ömür yaşayıb – cəmi 45 yaş. Amma belə qısa müddət ərzində o, təkcə Azərbaycanda deyil, sənət dünyasında sözünü deməyi bacarıb.
www.102info.az