Sosial şəbəkələrlə bağlı yaranan problem sadəcə Azərbaycanda deyil, bütün dünyada ciddi narahatlıq doğurur. Ekspertlərin fikrincə, sosial şəbəkələrdə xəbər istehsalının, informasiya standartının elə bir prinsipi yoxdur ki, o pozulmamış qalsın.
Bir neçə gün bundan öncə “facebook”da əsən növbəti “dezinformasiya küləyi” sosial şəbəkələrlə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Belə ki, xarici ölkələrdən birinə sığınan söyüş blogeri öz profilində azərbaycanlı millət vəkillərindən birinin işlətmədiyi, demədiyi bir “sitatı” paylaşıb. Bəzi “media qurumları”, aktiv “Facebook” istifadəçiləri bu dezinformasiyanı dərhal paylaşaraq, yalanın kütləviləşməsinə səbəb olublar.
Dəhşətli və qorxunc hadisə, əsl mənəvi terror
Deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edərək, öz “Facebook” səhifəsində yazıb ki, barəsində uydurma və cəfəng sitat paylaşanlar, bu cür yanaşma sərgiləyənlər yanlış məlumat və təhqir olunmanın qanun çərçivəsində tənzimləndiyini unutmamalıdırlar. Millət vəkili ilə bərabər, ictimai-siyasi sektorda tanınan şəxslər də bu dezinformasiyanı yayanlara etiraz ediblər. Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin deputatının adından onun dilə gətirmədiyi, yazmadığı fikirlərin yayılmasını dəhşətli, qorxunc hadisə, əsl mənəvi terror kimi dəyərləndirib. Əməkdar jurnalistlər Mir Şahin Ağayev, Eynulla Fətullayev, həmçinin digər media mənsubları da hadisəyə sərt reaksiya veriblər. M.Ağayev dezinformasiya yayan “məxluqu” tapıb hüquq-mühafizə orqanlarına təhvil verməyi ən doğru yol hesab edib. E.Fətullayev isə qeyd edib ki, əgər hüquq-mühafizə orqanları deputata qarşı baş vermiş cinayətin üstünü açmasalar, “Facebook” profilini bağlayacaq, hətta jurnalistikadan getmək haqqında düşünəcək. O, ictimai-siyasi və media sektorunda aktiv olanların üstünə böyük mənəvi terror gəldiyini xüsusi olaraq xatırladıb.
Köhnə ənənə yeni platformada
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli “Kaspi” qəzetinə açıqlamasında deyib ki, əgər qara təbliğat və dezinformasiya dünənə qədər ənənəvi media üzərindən həyata keçirilir, kütləvi çıxışlarda baş verirdisə, hazırda bu, sosial şəbəkələr üzərindən kütləvi şəkildə gerçəkləşdirilir. Hüquqşünasın sözlərinə görə, bu olayları indiyə qədər nə ənənəvi mediada, nə də cəmiyyətdə tamamilə əngəlləmək, önləmək mümkün olmayıb: “Müəyyən məhdudiyyətlər, məsuliyyətlər olsa da, bütünlüklə qara təbliğatın, dezinformasiyanın qarşısı alınmayıb. Bu baxımdan, müasir dövrdə yeni alət olan sosial mediada dezinformasiya və qara təbliğatın olmasını sırf sosial medianın problemi hesab etmək olmaz. Bu, cəmiyyətin öz problemidir. Cəmiyyət öz problemini həll etmədiyi təqdirdə hansı platforma olur-olsun orada eyni problem davam edəcək. Dünən ənənəvi mediada, bu gün yeni mediada, sabah isə super yeni platformada proses davam edəcək”.
Cəmiyyətdə nə varsa, sosial mediada da o olacaq
Ə.Məmmədli söyləyib ki, sosial media kommunikasiya vasitəsidir və bu kommunikasiyanın üzərində olan tematik məzmun əsas problemləri yarada bilər. Onun fikrincə, bu, cəmiyyətdən qaynaqlanan məsələdir: “Təəssüf ki, uzun müddət Azərbaycan cəmiyyətində siyasi qütbləşmə yaşanıb, hələ də bu proses davam edir. İnsanlar, eləcə də siyasi qurumlar bir-birinin ideologiyasına, siyasi baxışlarına, fikrinə həddən ziyadə dözümsüz yanaşırlar. Baxışlardakı, düşüncələrdəki kəskin fərqlər sosial mediada da davam etdirilir. Çünki cəmiyyətdə nə varsa, sosial mediada da o olacaq. Cəmiyyətdə dezinformasiya, qara təbliğatın kökü kəsilmədikcə, sosial mediada bunu aradan qaldırmaq qeyri-mümkündür. Əgər sosial medianı bağlasaq, məhdudlaşdırsaq, o zaman qara təbliğat və dezinformasiya başqa platformalarda davam etdiriləcək. Dezinformasiyaları önləyəcək alternativ obyektiv informasiyalar olmalıdır cəmiyyətdə”.
Avropa təcrübəsindən yararlanaqmı?
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə hesab edir ki, sosial şəbəkələrlə bağlı yaranan problem sadəcə Azərbaycanda deyil, bütün dünyada ciddi narahatlıq doğurur. Ekspertin qənaətincə, sosial şəbəkələrdə xəbər istehsalının, informasiya standartının elə bir prinsipi yoxdur ki, o pozulmamış qalsın: “Bu problemi birdəfəlik həll etmək üçün vahid model yoxdur. Amma ayrı-ayrı ölkələr özləri üçün müəyyən standartlar tətbiq edirlər. Avropanın inkişaf etmiş ölkələrinin əksəriyyətində, o cümlədən Almaniya, Fransada, həmçinin Türkiyədə artıq sosial şəbəkə platformalarının məsuliyyətini anladan qanunlar qəbul olunub. Qanuna görə, hər hansı sosial şəbəkə platformasının istifadəçilərinin sayı 1-2 milyonu keçirsə, həmin sosial şəbəkə platforması ölkə üzrə özünün nümayəndəliyini açmalı, interaktiv münasibət qurmalı, hər hansı problem yaşandığı təqdirdə, şikayət daxil olduğu halda operativ qaydada onu aradan qaldırmalıdır. Hətta Almaniya modelində sosial şəbəkə platformaları özləri baş vermiş pozuntularla bağlı il ərzində iki dəfə hesabat hazırlayıb ictimaiyyətə açıqlayırlar. Bu onu göstərir ki, Avropanın aparıcı ölkələrində sosial şəbəkələrin məzmun baxımdan tənzimlənməsi üçün müəyyən addımlar atılır, bəlli mexanizmlər qurulur. Yaxşı olardı ki, bu təcrübədən Azərbaycan da yararlansın”.
www.102info.az