Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ölkə.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Cinayəti törətməkdə şübhəli bilinən Müxalif Balayev polis tərəfindən saxlanılıb.
İş üzrə dindirilmiş Müxalif Balayev ifadəsində bildirib ki, 1997-ci ildə Camalə Balayeva ilə evlənib və həmin nikahdan bir övladları var.
Baş vermiş hadisənin səbəbi arvadının ondan küsərək atası evinə getməsi və qayıtmaq təkliflərini dəfələrlə rədd etməsi olub.
Hadisə baş verən gün spirtli içki qəbul edən Müxalif Cəmaləni evə qaytarmaq qərarına gəlib. Onu qorxutmaq məqsədi ilə mətbəxdə istifadə etdiyi bıçağı da özü ilə götürərək qadının hər gün avtobusla işdən gəldiyi dayanacağın yaxınlığına yollanıb.
Cəmalə avtobusdan düşərək dalana keçib. Müxalif ona cəld çataraq saçından tutub, evə qayıtmasını tələb edib. Həyat yoldaşı imtina etdiyindən əlindəki bıçaqla ona çoxsaylı zərbələr endirib. Həmin vaxt hava qaranlıq olduğundan ətrafda heç kəs olmayıb.
Cəmalə ona müqavimət göstərərək dayanacağa tərəf qaçıb. Bundan sonra Müxalif arvadının arxasınca getməyib. Evə qayıdaraq polis əməkdaşlarının gəlməsini gözləyib. Qısa müddətdən sonra polislər gəlib onu şöbəyə aparıblar.
Zərərçəkmiş Cəmalə Balayeva ifadəsində bildirib ki, həyat yoldaşı ilə ilk vaxtlar yaxşı dolanıblar. Lakin Müxalif spirtli içkiyə qurşandığı üçün tez-tez mübahisələri yaranıb. Dəfələrlə oğlu ilə evini tərk edib atasının yanına gedib. Əri gəlib üzr istədikdə onunla barışaraq evə qayıdıb.
Oğlu hərbi xidmətə getdikdən sonra Müxalifin davranışlarına artıq dözməyib. Hadisə baş verən gün işdən avtobusla gəlib. Atasının evinə yollanmaq üçün dalanla irəlilədikdən sonra qəflətən Müxalif onun saçından tutaraq geri qayıtmasını tələb edib. Razılaşmadıqda əri bıçaqla ona xəsarətlər yetirməyə başlayıb. Yalvararaq onu öldürməməyini desə də, Müxalif daha da aqressivləşərək zərbələr vurmaqda davam edib. Qaçıb dayanacağa çatan zaman yıxılıb. Atasına zəng etməyə çalışsa da, gücü çatmayıb, huşunu itirib və xəstəxanada əməliyyatdan sonra özünə gəlib.
Məhkəmə prosesində Müxalif Balayev ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Müxalif Balayev 15 il müddətinə azadlıqdan məhrum olunub.
www.102info.az