Uzun illərdi Azərbaycan cəmiyyətində “jurnalist” Əvəz Zeynallı adlı bir xora gah səngiyir, gah çiban kimi yenidən qalxır.
“Xural” adlı qəzetdə dəfələrlə reketlik fəaliyyətinə görə xəbərdarlıqlar alan baş redaktoru Əvəz Zeynallı sonda bunun cəzasını deyəsən az çəkdi. Belə ki, 2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları irəli sürülərək azadlıqdan məhrum edildi. Dövlətin humanizm siyasətinin nəticəsi kimi 2014-cü ildə əfv fərmanı ilə azadlığa çıxan Zeynallı belə görünür ki, bütün başına gələnlərdən dərs çıxarmayaraq yenidən öz köhnə “peşəsinə” qayıdıb.
Qazet jurnalistikasının öz oxunaqlılıq dövrünü başa vurması ilə internet medianın geniş yayılması Əvəz Zeynallının “media reketçilik” fəaliyyətini də yeni müstəviyə keçirib. Ələlxüsus internet üzərindən televiziya qurulması xidmətinin əlçatanlığından istifadə edərək özünə bir virtual studiya qurub. Studiya virtual olsa da rüşvət tələb etmələr lap realdır.
Əvəz Zeynallı uzun illər öz çıxışlarında dürüst jurnalist obrazı yaradıb. O korrupsiya halları ilə mübarizə aparan, özü rüşvət almağa görə həbs olunmasına don geydirərək guya ideyalarına görə zindanda yatdığı, hətta özünü az qala siyasi məhbus adlandırırdı. Son dövrlər hamıya agah olan fəaliyyəti isə onun adi şantaj ilə pul əldə etməyi hədəfləyən “reket jurnalist” olduğunu ortaya qoydu. Dəfələrlə bununla bağlı müxtəlif iş adamları, məmurlar siqnallar versə də, Ə.Zeynallını ələ verən bir dəlil ortaya qoyulmurdu.
Artıq həmin dəlil də var!
Deməli, Əvəz Zeynallı həbsdə olan bir iş adamının ailəsindən 20 min manat pul tələb etməyə başlayıb. O iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən bu öhdəliyi pozur, pul mükafatı aldıqdan sonra iş adamını təhqir və tənqid etməyə davam edir. Buna cavab olaraq 4 gün əvvəl iş adamının yaxın qohumları pullarını geri tələb ediblər, “jurnalist” isə buna cavab olaraq deyir ki, o, biznesmeni tənqid deyil, təbliğ edib, “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər. Yazının sonuna həmin səs yazısını da əlavə edirik.
Azərbaycanda son dövrlər reket jurnalistika ilə mübarizə yeni mərhələyə keçib. Artıq əvvəlki kimi Mətbuat Şurası uzun bir “qara siyahı” hazırlayıb dönə-dönə xəbərdarlıqlar eləmir (misal üçün 2011-ci ildə bir dəfə Əvəz Zeynallı ilə bağlı rüşvət tələb etmə ittihamı ilə eyni anda 6 şikayət daxil olmuşdu). Artıq hüquq-mühafizə orqanları belə faktlara dərhal reaksiya verərək özünü jurnalist pərdəsi arxasında gizlətmək istəyən cinayətkarları zərərsizləşdirir. Elə isə, Əvəz Zeynallının son hərəktlərinin reketçilikdən başqa adı yoxdur, dəlil sübutlar isə öz telefon danışığında açıq-aydın görünür. Düşünürük ki, hüquq-mühafizə orqanları üçün bundan yaxşı sübut ola bilməz. Qurtarın bizim medianı belə ləkələrdən!
Aqil Vəlili
www.102info.az