Göz qabağındakı pullar, imkan tanımayan şirkətlər – Nağd ödənişlərdən nə zaman əl çəkəcəyik?

Cəmiyyət

Bəzi ölkələrdə insanlar ödəniş üsulu olaraq nəinki nağd pul, hətta kartdan belə, istifadə etmirlər. Belə ki, bu proses şəxsin özü tərəfindən onlayn şəkildə tətbiqlər hesabına icra olunur. Həmçinin artıq kassir və satıcılar olmadan fəaliyyət göstərən mağazalar da mövcuddur. Həmin yerlərdə alış-veriş edən şəxs quraşdırılan aparat vasitəsilə aldığı məhsulların kodunu oxutdurur və sonda ümumi məbləği ödəyir. Lakin Azərbaycanda vəziyyət bu sahədə də fərqlidir. Texnoloji qurğuların istifadəsinin bizdə bir az ləng getdiyini qeyd etsək, yanılmarıq. Hələ də POS-terminalların olmadığı ictimai iaşə obyektlərinə rast gəlmək mümkündür. Əksəriyyət heç kart da yox, nağd pul istifadəçisidir.

Bəs görəsən, problemin kökündə dayanan faktorlar nələrdir?

İqtisadçı-ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, səbəblərdən birincisi ödəniş mədəniyyətiylə bağlıdır. Xüsusilə 50 yaş üzərindəki şəxslərdə ənənəvi olaraq nağd pula sevgi var:

“Onlar pullarını nağdlaşdırmağı, ciblərində saxlamağı sevirlər. Ödəniş mədəniyyətimizin dəyişməsi üçün zamana ehtiyac var. Xaricdə də onlayn sistemə 100 faiz keçilməyib, ancaq nağd pula meyil bizdəki kimi geniş deyil. Burada əsas faktor iqtisadiyyatın bir hissəsinin hələ də qeyri-şəffaf qalmasıdır. İnsanların gəlirləri tam olaraq uçotda deyil, yəni qazanclarının bir hissəsini nağd formada alırlar”.

Ekspert qeyd edib ki, vergidən yayınan iqtisadiyyat olanda ödəniş vasitəsi həmişə nağd olur:

“İşçinin əməkhaqqısının bir hissəsi rəsmiləşdirilib, digər hissəsi nağd verilirsə, insanın əlində təbii olaraq nağd pul qalır. Həmin şəxs ödəniş etmək üçün pulunu karta yükləməyi seçmir. Yəni ikinci səbəb qeyri-rəsmi iqtisadiyyatın səviyyəsinin digər ölkələrlə müqayisədə hələ də yüksək olmasıdır”.

Xalid Kərimli hesab edir ki, digər bir səbəb insanlarda bank sektoruna güvənin olmamasıdır:

“Dördüncü səbəb isə bizim şirkət, restoran və mağazaların bu şəraiti tam təmin etməməsidir. Ancaq iri supermarketlərdə terminal görmək mümküdür. Rayonlardakı iaşə obyektlərində POS-terminallar yoxdur. Olsa da, istifadə etmirlər. Çünki dövriyyələrini gizlətmək istəyirlər. Hətta taksi ödənişini kartla edəndə sürücü də narazılıq edir. İnfrastruktur formalaşmayıb. Şirkətlər insana bu seçimi vermirlər”.

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov isə Oxu.Az-a açıqlamasında diqqətə çatdırıb ki, bu texnologiyaların yaradıcısı Qərb olduğuna görə məhsulların birinci onlarda olması normaldır:

“Prosesin aparıcı qüvvələri Qərb ölkələri, Avropa, Yaponiyadır. Amma biz də onlara çatmalıyıq. Burada iki problem var, birinci problem bizim ölkədə kölgə iqtisadiyyatının həcminin hələ də yüksək olmasıdır. Doğrudur, son illər ərzində vergi, gömrük inzibatçılığı təkmilləşdirilib, yəni korrupsiya, qeyri-rəsmi dövriyyə azalıb. Amma yenə də qeyri-rəsmi fəaliyyətdə olan xeyli biznes strukturu var ki, onların hesabatlılığında çox şey göstərilmir. Onların nağd pula ehtiyacı var. Kölgə iqtiadiyyatının həcmi azaldıqca bu proses lazımi səviyyəyə gəlib çatacaq”.

Müsahibimiz əhalinin bu sahədəki biliyinin lazımi səviyyədə olmadığını da deyib:

“Bizim insanlar nağd ödənişlərə üstünlük verirlər. Hətta kiminsə pensiyası da kartına yüklənəndə gedib o kartla alış-veriş etmir, pulunu kartdan çəkir. Düzdür, burada təkcə əhalini də qınamaq olmaz. Çünki banklara etibar məsələsi də var. İnsan pulunu gözünün qarşısında görmək istəyir. Bəzi yerlərdə heç kartla ödənişi qəbul etmirlər. Bu gün Bakıda ən ucuz xidmətlərdən biri taksi xidmətidir, xeyli taksi şirkəti var, onlar kartla da ödənişin olduğunu bəyan edirlər. Amma əksər hallarda sürücülər deyinirlər, kart ödənişləri istəmirlər. “O pulu çıxarmaq bizim üçün problemdir, üstünə əlavə vəsait gəlir”, – deyirlər. İnsanlar da bunları bildikləri üçün istəyirlər əllərində nağd pul da olsun”.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir