Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Yolu bağlayanların iddialarına görə, bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində naməlum şəxslər tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşımlar edilib, ünvanlarına təhqirlər səsləndirilib. Ucar sakinlərindən 50-yə yaxın insan bu təhqirlərin qurbanı olub.
Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:
“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.
Könül Cəfərli
www.102info.az