Müəllimliyi dəmirçiliyə dəyişən SƏNƏTKAR: “İşi pul qazanmaq üçün deyil, zövq alaraq, görmək lazımdır” – FOTO

Cəmiyyət

“Sənətkar günortaya kimi ac qalar” fikrindən motivasiya alıb. Atasının arzuladığı uşaq olmaq üçün orta məktəbi yüksək qiymətlərlə bitirib, ali təhsil alıb. Peşə seçiminə gəldikdə isə ailəsinə qarşı çıxıb. Atasının arzuladığı kimi müəllim yox, dəmirçi olub. Çünki düşünür ki, sənətini sevməyən insan cəmiyyətə xeyir verə bilməz.

Söhbət ali təhsilli dəmirçi Rəşad Qarayevdən gedir.

“Kaspi” qəzetinin Rəşad Qarayevlə bağlı yayımladığı məqaləni təqdim edirik:

Oğuzda anadan olub. Orta məktəbi Qarabulaq kəndində bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Peşə təlimi fakültəsində təhsilini davam etdirib. Atası məktəb direktoru olub. Ata müəllim olduğu üçün övladının da sənətini davam etdirməsi üçün çalışıb:

“Atam müəllim, anam evdar qadın idi. Yadımdadır, atamın əmisi oğlu dülgər idi. O, həmişə mənə deyir ki, sənin uşaqlıqdan sənətkar olacağın bilinirdi. Mən həmişə onun işləməyinə zövqlə baxırdım. Artıq 7-ci sinifdə oxuyanda evdə nə alət xarab olurdusa, düzəldirdim. Atam təhsilimin ardınca getməyim, karyerama müəllim kimi davam etməyim üçün çox çalışdı. Amma nəticəsi olmadı”.

Ali təhsilini də atasının təkidi ilə alıb:

“Məktəbi atamın istədiyi kimi, əla qiymətlərlə bitirdim. Onun istədiyi üçün diplomum da oldu. Amma atamla əvvəldən şərt kəsmişdim ki, sən istəyirsən deyə oxuyuram, bu sahədə işləməyəcəm. Buna görə də atam çox təzyiq göstərə bilmədi. Çətinliklə də olsa, sonda onun xeyir-duasını aldım”.

Həmsöhbətimiz universiteti bitirdikdən sonra təmənnasız şəkildə kənd məktəbində işləyib, müəllimlərə dəstək olub:

“Yadımdadır, kənd məktəbində kompüter otağı düzəltmişdilər. Müəllimlərin çoxu kompüterlə necə işləyəcəklərini bilmirdilər. Bir neçə ay məktəbdə təmənnasız işlədim və müəllimlərə kömək etdim. Bundan sonra İcra Hakimiyyətində, Kənd icra nümayəndəliyində iş imkanlarım yarandı. Hətta icra nümayəndəsi işdən imtina etməməyim üçün evimizə də gəlmişdi. Bizə qonşu kənd olan İvanovkada işləməyimi istəyirdilər. Orada ruslar çox idi. Həm rus dilini, həm kompüteri bildiyim üçün orada iş təklif etdilər. İmtina etdim. Mən dəmirçi olmaq istəyirdim. Sənətimlə bağlı öz planlarım var idi. “Ağsaqqal” o tərəfdə mübarizə apardı, mən digər tərəfdə”.

Maddi imkanları yaxşı olsa da, müsahibimiz 1-ci kursdan özü öz çörəyini qazanıb. Elə dəmirçilik sevgisi də bu vaxtdan başlayıb:

“Dərsə gedəndə hər dəfə sexin qarşısından keçirdim. Bir dəfə keçəndə dayandım və ustanı izlədim. Dedim ki, bu sənət elə əsl mənlikdir. Müdirlə danışdım və məni işə qəbul etdilər. Hətta otaq yoldaşlarımı da bu işə cəlb etmişdim. Dərsdən çıxdıqdan sonra boş-boş gəzməkdənsə, pul qazanmaq lazımdır. Həm evə köməklik edirdik, həm də öz pulumuzu ürəklə xərcləyirdik. Burada 4 il işlədim. Axırıncı gün də işdən çıxıb rayonumuza qayıtdım. Burada işləyə-işləyə pul yığdım, dəzgahlarımı aldım, öz işimi qurdum”.

Yuxarıda da qeyd etdiyimiz kimi, həmsöhbətimiz “sənətkar günortaya kimi ac qalar” prinsipi ilə hərəkət edib:

“Dövlətdən maaş alan şəxs ay sonunu gözləyir. Sənətkar isə maksimum günortaya qədər pul qazanır. Kim deyirsə ki, sənətdə pul yoxdur, səhv düşünür. İşinin peşəkarı olan, təmiz ad qazanan sənətkar həmişə pul qazanır. Hər insan usta ola bilməz. Sənəti də öyrənmək üçün çalışmalı, daim öz üzərində işləməlisən. Bu gün özlərini usta hesab edənlər çoxdur. Usta eyni işlə kifayətlənməməli, öz üzərində işləməlidir. İşini, sənətini sevməlisən. Sevməlisən ki, o iş də əlindən tutsun, sənə qazandırsın. Sevən insan mütləq yenilik axtaracaq, icad edəcək”.

Müsahibimiz vurğulayır ki, düzgünlük hər zaman insanı önə aparır:

“İşdə öz prinsiplərim var. İşçilərimə də bunu aşılayıram. İşi bitirdikdən sonra deyirəm ki, bax gör, iş sənin xoşuna gəlirmi? Əgər xoşagəlməz nə isə varsa, müştəriyə təqdim etmə. Yaxud müştəri çox razıdırsa, qiymətini artırma. Sənətkarın ən önəmli keyfiyyətlərindən biri təmiz ad çıxarmasıdır. Yəni “filankəs fırıldaqçıdır”, “onun yanına getməyin”, “yalan danışır” deyilməsin. Həm sənətinlə, həm də insanlığınla ad çıxarmalısan. Ən əsası, işi pul qazanmaq üçün deyil, sevərək, zövq alaraq, ürəklə görmək lazımdır. Mən işimdən yorulmuram. Bəzən bir bəzəyin üstündə saatlarla çalışıram. Amma o sərf etdiyim saatlar ruhumu sakitləşdirir”.

Bəzi peşələrin keçmişdə qalmasından, bu sahəyə marağın az olmasından şikayətlənən sənətkar deyir ki, sənəti ölü kimi qəbul etmək bəhanədir, çıxış yolu həmişə var:

“Düzdür, müasir dövrdə insanlar fərqli sahələrə meyil etdilər. Köhnə sənətlərə maraq qalmayıb. Amma köhnəni də müasirləşdirə bilərik. Məsələn, biz müasir dəmirçilərik. Dəmir nə qədər var, dəmirçi də bir o qədər olacaq. Biz də çalışırıq ki, müasirliklə uyğunlaşaq. Dövrə ayaq uydururuq. Yenilənməyə ilk olaraq aparatlarımdan başladım. Əksəriyyətini də özüm düzəltmişəm. Çıxış yolu həmişə var. Əsl sənətkarsansa, sənət səni ac qoymaz. Müəyyən qədər zəiflik ola bilər. Amma dolanmaq üçün bəs edir. Əlində sənəti olan maaşa razılaşmaz. Ay sonunu gözləmədən, günortaya qədər pulunu qazanar”. 

Həmsöhbətimiz sonda övladlarını öz arzularını reallaşdırmağa məcbur edən valideynlərə səsləndi:

“Dəfələrlə valideynlərlə söhbətlərim olub. Həmişə demişəm ki, uşağı məcbur yönləndirmək olmaz. Uşaq savadlı həkim ola bilər, amma bu sahəni sevmirsə, heç vaxt yaxşı həkim olmayacaq. Və ya hüququ oxuyar, ondan yaxşı hüquqşünas olmaz. Sən musiqi duyumu olan, musiqiyə maraq göstərən uşağı hakim olmağa məcbur etsən, fayda verməz. İşini sevməyəcək və yarımçıq edəcək. O qədər diplomu olub, boş gəzən gənclər var ki… Valideyn övladını tanımalı, nəyə üstünlük verirsə, o sahəyə istiqamətləndirməlidir ki, sabah işini sevən, xoşbəxt fərd olsun”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir