“Mən buradan çıxanda 10 yaşım var idi. Oğlumun 10 yaşı olanda isə geri qayıtdım”.
Bunu “Report”un Qarabağ bürosuna Ağalı kəndinin sakini Əhmədxan Mahmudov bildirib.
“Kənddən çıxanda kiçik olsam da, o dəhşətlərin hər bir anını çox gözəl xatırlayıram, heç zaman da yadımdan çıxmadı. Çünki mənim uşaqlıq yaddaşıma müharibə, od, alov, ağrı və acılı anlar təsir edib. Hər nə etsəm də, müharibənin o günlərini yadımdan çıxara bilmədim. Bu da sözsüz ki, mənim övladlarıma təsir etməyə bilməzdi”, – deyə o qeyd edib.
Ə.Mahmudov bildirib ki, hər zaman övladlarına doğma Ağalı kəndi, yurd-yuvaları, uşaqlıq illərinin yaddaşında qalan xoş xatirələrindən və o xatirələri alt-üst edib körpə yaşda qaçqın-köçkün həyatı yaşamasından danışıb:
“Mən istəyirəm ki, övladlarım əsl düşmənlərini tanısın, bu günləri qoy heç zaman unutmasınlar. Siz fikir verin, mənim həyatım övladımın həyatı ilə tərs mütənasib təşkil edib. Bir vaxtlar mən buradan köçkün həyatına qədəm qoydum, indi eyni yaşda övladım isə köçkün həyatından daimi yaşayış üçün doğma kəndimizə qədəm qoyur. Biz hər zaman dövlət başçımıza, şəhidlərimizə, qazilərimiz minnətdar olacağıq”.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).
www.102info.az