Şəmkirin Düzqışlaq kəndinin sakinləri yayın isti günlərində susuzluq problemi ilə üz-üzə qalıblar. Əhali nə gündəlik məişətdə istifadə etməyə, nə də fərdi təsərrüfatları suvarmağa su tapa bilir.
Kəndin yeganə su mənbəyi olan artezianın fəaliyyətinin dayanması sakinləri çıxılmaz vəziyyətə salıb. Həyət-bacada işlətmək üçün suyu pulla alırlar. Min bir əziyyətlə əkib-becərdikləri təsərrüfat sahələri isə yanaraq məhv olur.
Məsələ ilə bağlı Şəmkir Suvarma Sistemləri İdarəsindən bildirilib ki, problemdən xəbərdardırlar:
“Bizə müraciətlər olub ki, artezianın suyunda azalma var. Biz də mütəxəssisləri dəvət edərək baxış keçirmişik, rəhbərliyə də müraciət etmişik. Hazırda problem ancaq qrunt sularının azalması ilə bağlıdır. Qərara alınıb ki, əsaslı təmir aparılsın”.
Çörəyi torpaqdan çıxan kənd sakinləri səbirsizliklə verilən vədin həyata keçməsini gözləyirlər. Qeyd edək ki, sözügedən problem rayonun daha bir neçə kəndində də hökm sürür.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az