“Bakı Baş Səhiyyə Mərkəzi” köhnə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) binasına köçürülüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 18 iyul 2022-ci il tarixdən yeni ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq 1M ünvanında fəaliyyət göstərir.
İnzibati binada Mərkəzin idarəetmə aparatı, tibbi xidmətin təşkili, monitorinq və nəzarət, ilkin səhiyyə xidmətinin inkişafı, insan resursları və hüquq, maliyyə, inzibati idarəetmə, ictimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentləri, departamentlərin nəzdində müvafiq şöbələr fəaliyyət göstərir.
Qeyd edək ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in İdarə Heyətinin sədrinin qərarı ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əsasında yaradılıb.
Mərkəzə Bakı şəhərində yerləşən ambulator və stasionar xidmət göstərən 105 tibb müəssisəsi daxildir. Bunlara 33 şəhər poliklinikası, 20 uşaq poliklinikası, 12 birləşmiş şəhər xəstəxanası, 5 tələbə poliklinikası, 6 qadın məsləhətxanası, 4 uşaq stomatoloji poliklinikası, 3 ədəd sağlamlıq mərkəzi, 2 ədəd müalicə-diaqnostika mərkəzi və digər tibb müəssisələri aiddir.
Könül Cəfərli
www.102info.az