Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq düşmənin mövqelərinə, qoşun və silahlarının cəmləşdiyi hissələrə ağır zərbələr endirilib. Ermənistanın təkcə xeyli sayda canlı qüvvəsi yox, həm də milyonlarla dollar dəyəri olan iki “S-300” raketi məhv edilib. Lakin düşmən İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də ölən və yaralananların sayını gizlətməyi seçir.
Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusunun Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara hazırlaşan, həm Qarabağda, həm də sərhəddə gərginliyi tətikləyən düşmənin planı bu dəfə də alt-üst edildi.
Hərbi analitik Alp Arslan İmamqulu Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın törətdiyi hər bir təxribat terror aktıdır:
“Ermənistan terrorçu dövlət olduğunu bir daha sübut etdi. Bu səbəbdəndir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya olunmamış sərhəddə – Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurulmuş olan terror yuvaları Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Ermənistanın xeyli sayda hərbi texnikası, 200 nəfərdən çox canlı qüvvəsi, hərbi obyektləri və postları məhv edilib, yüzlərlə yaralıları var.
Bu, Ermənistan və onun havadarlarına dərs olmalıdır, onlar bir daha anlamalıdırlar ki, Azərbaycan Ordusu Ali Baş Komandanın qoyduğu tapşırıqla istənilən halda dövlətimizin təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etməyə daim hazırdır”.
Qeyd edək ki, ordumuzun məhv etdiyi “S-300” uzun radiuslu zenit-raket kompleksləri Rusiya istehsalıdır. Onların istehsalına 1975-ci ildə başlanılsa da, sistemin sınağının başa çatması 1978-ci ilə təsadüf edir. “S-300”lər radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, altı zenit-raket kompleksindən (ZRK) ibarətdir. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq, əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir.
İlk çoxkanallı zenit-raket sistemi kimi eyni zamanda altı hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir. Birinin qiyməti isə 150 milyon dollardır.
Sayad Həsənli
www.102info.az