Şəhid ailələrinə evlər təqdim edildi – Fotolar

Cəmiyyət

“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu gün möhtəşəm zəfərlərlə şanlı tarix yazır. Doğma torpaqlarımızın işğaldan azad edildiyi barədə cənab Prezident tərəfindən elan edilən Qələbə xəbərləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərində də sonsuz qürur, iftixar hissi yaradır”.

“RİA24.az” xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki və Oğuz rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş zamanı vurğulanıb.

İki rayonda ümumilikdə 24 ev (o cümlədən Şəkidə 9, Oğuzda 15 ev) təqdim edilib. Oğuzun Gənclik qəsəbəsində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov iştirak ediblər.

Görüşdə bildirilib ki, Ordumuzun bu haqq savaşında əldə etdiyi hər zəfər, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, düşmənə vurulan sarsıdıcı zərbələr Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu da sevindirir. Şəhidlərimizin qanı yerdə qalmır, onların qisası layiqincə alınır. Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi “şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır”.

Qeyd edilib ki, dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təmin olunması tədbirləri də uğurla davam edir.  2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 688 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 134 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8276 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Yeni fərdi evlərlə təmin olunan vətəndaşlar Azərbaycanı bütün istiqamətlərdə daim Qələbələrə doğru aparan və eyni zamanda, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğı göstərən Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib, rəşadətli Azərbaycan əsgərinə yeni-yeni qələbələr arzulayıblar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir