20 yaşını 20 gün yaşayan şəhidin anası: “Bəxtiyar ona yazdığım son mesajı oxuya bilmədi” – REPORTAJ + FOTO

Cəmiyyət

Ər igiddir, yalan deyil,

Tər çiçəkdir, solan deyil.

Təkcə sənin balan deyil,

Ağlama, şəhid anası! 

Elbrus Qayalının bu misraları da şəhid ailələrinin qəlbinə su səpməz, bilirik. Onları necə təsəlli etmək olar ki?

Şəhid evlərinə gedən yollar bir-birinə o qədər oxşayır ki, elə bilirsən ki, amalları, igidlikləri kimi zövqləri, həyat tərzləri, yarım qalan arzuları da eyni imiş…

Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan igid oğullardan biri də 19 yaşlı əsgər Muradov Bəxtiyar Güloğlan oğludur.

Əslən Qubadlı rayonun Cibikli kəndindən olan, Sumqayıt şəhər, 42-ci məhəllədə boya-başa çatan Bəxtiyar 20 yaşına yeni qədəm qoymuşdu. 20 yaşını isə cəmi 20 gün yaşaya bildi.

Oxu.Az-ın əməkdaşı şəhidin ailəsini ziyarət edərək baş sağlığı verib.

Bəxtiyar dünyaya gələndə səhhətində müəyyən problemlər olub. Ailə övladının sağlamlığı üçün əlindən gələnin artığını edib. Atası oğlunu bu dünyada bəxtiyar görmək üçün adını elə Bəxtiyar qoyub, amma sən saydığını say, gör fələk nə sayır… Taleh elə bir oyun oynadı ki, Muradovlar ailəsinin evinin çırağı, ocağının istisi bir gecədə söndü…

Şəhidin anası Yeganə Muradova deyir ki, balası uşaq yaşlarından Vətənə bağlı olub:

“Bəxtiyar 29 nömrəli məktəbdə təhsil alıb. Bütün müəllimləri, sinif yoldaşları oğlumun mehribanlığından, necə ağıllı uşaq olduğundan danışırlar. Bəxtiyarın o qədər gözəl arzuları var idi. Özünə baxmağı, səliqə-sahmanı sevirdi balam. Məktəbi bitirdikdən sonra bərbər olmaq istəyirdi. Atası fərdi usta yanına göndərmişdi. Öyrənib işləyirdi. Həmişə deyirdi ki, yaşım tamam olsaydı, əsgər gedərdim…Elə bil torpaq çəkirdi uşağımı”.

Ailənin tək övladı olan Bəxtiyar hələ uşaq yaşlarından anasına “mənə əsgər geyimi al” deyə israr edərdi. Anası da onun üçün əsgər geyimi alardı.

“Ana, mənə aldığın əsgər paltarını heç kimə vermə, onu öz oğluma geyindirəcəyəm”.

Şəhid anası deyir ki, Bəxtiyar irəli gedəcəklərini anasından gizlədib:

“Oğlum məzuniyyətini mənim ad günümə saldı. İyunun 30-da evə gəldi. Avqustun 24-də Bəxtiyarın ad günü idi, dedim bir az yubat məzuniyyəti o gün gəl. Dedi “yox, ana, sənin ad günündə yanında olacağam”. Öz yığdığı pul ilə mənə ətir almışdı. Üstünə elə sözlər yazdırıb ki balam, elə bil ürəyində hiss edirdi ki, son görüşlərimizdi. Deyirdi ki, “ana, uşaq vaxtı mənə aldığın əsgər paltarını heç kimə vermə, onu öz oğlum olanda ona geyindirəcəyəm”. O hədiyyələrin hər biri mənə bir ağır dərddir, qızım. O ətri vura bilmirəm, toxunmağa qıymıram. Vəsiyyət eləmişəm ki, nə vaxt ölsəm, o ətri mənimlə dəfn etsinlər”.

İki ay olar xalası vəfat edən şəhid Bəxtiyar Muradov anasının saçlarının ağarmasına dözə bilməyib. Anasına saçlarına gözəl rəng qoyub gülümsəməsini, hər zaman baxımlı olmasını xahiş edərək, hərbi xidmətə geri qayıdıb.

“Bəxtiyarın xətrinə ilk dəfə saçıma rəng qoydum”

Anası deyir ki, oğlu videogörüntülü zəng edib yoxlayırdı ki, saçına rəng qoyub, yoxsa yox:

“Qonşumuzun gəlini kömək etdi, saçıma rəng qoyduq. Zəng etdi, balamla danışdım. Baxdı sevindi. “Nə yaxşı sözünü tutdun, anacan”, – dedi. Həmişə gözəl görünməyimi istəyirdi. Gedəndən 1 həftə sonra onları bölüb ayrı-ayrı bölgələrə göndəriblər. Telefonda heç nə deməzdi. 1 il əsgərlikdə oldu, bir dəfə mənə oradan şəkil çəkib atmadı. Yalvarıb-yaxardım ki, ay bala, anan ölür burada, nigaranam, bir şəkil çəkib at, üzünü görüm, ürəyim rahatlıq tapsın. Göndərməzdi. Deyirdi ki, “olmaz, ana, qadağandır”. Qayda-qanuna riayət edən, məsuliyyətli oğul idi Bəxtiyar. Bir neçə rayon saydım ki, bəs hara düşmüsən? Ağlıma da gəlməzdi ki, Kəlbəcərə düşər. Nə qədər vaxt sonra dedim birdən Kəlbəcər olar, mənə deməzsən, Bəxtiyar? Elə deyən kimi güldü, “Narahat olma, burada hər şey yaxşıdır”, – dedi.

Elə o gündən bu günə kimi ürəyim ağzımda gözləmişəm. Gecəm-gündüzüm olmayıb. O qədər stres keçirdim ki, bir həftə sonra pis xəstələndim. Bəxtiyar məni belə görsə, narahat olar deyə yanına gedə bilmədim. Elə hey deyirdi ki, hamının anası gəldi, sən gəlmədin”.

“Son istədiyi yemək kabab oldu…”

Bəxtiyar şirniyyat yeməyi çox xoşlayırmış. Uşaqlıq şəkilləri arasından beş şəkildən üçündə şirniyyat yeyir. Sonuncu dəfə isə anasından kabab bişirməsini istəyib.

Yeganə xanım deyir ki, Bəxtiyarın onu qoyub gedəcəyini bilsəydi, nə olur-olsun o kababı özü aparardı:

“Kabab çəkib atası ilə göndərdim. Atası ilə orada yedilər, şəkil çəkdirdilər. Bir dəfə də atası ilə evin tək oğlu olduğuna dair kağız alıb göndərdim. Bəlkə Kəlbəcərdən daha başqa yerə çəkərlər deyə. Bəxtiyar irəlidə xidmət aparmaq istədiyini deyib. Heç bir faydası olmadı. Hava soyuq olduğundan xəstələnmişdi. Hospitala aparmışdılar, sonra evə buraxıldı, bir az müalicə aldı. Nə qədər dedim ki, 10 gün artıq qal, tam sağal, sonra qayıt. Sözümü eşitmədi ki, məni gözləyirlər, gedirəm.

İyulun 11-i getdi. “Ana, hər şey yaxşı olacaq , narahat olma” dedi. Heç üstündən 2 ay keçmədi. Sevinə-sevinə rənglədiyim saçlarıma elə dən düşdü ki… Nə siz soruşun, nə mən deyim, qızım…”.

“Bəxtiyar və daha yeddi nəfər birlikdə şəhid olublar”

Bəxtiyarın şəhid xəbəri atasına deyilib. Şəhidin atası Güloğlan dayı xəbəri alan kimi həyat yoldaşına zəng edib və evə gəlməsini deyib. Anası deyir ki, belə nigaran evə çağırdıqlarında şübhələnib ki, narahatlıq var. Sən demə evimin çırağı sönüb…

Yeganə ana deyir ki, bir gün səhərə qədər dua edib ki, xəbər doğru olmasın:

“Atası dedi yaralıdır. Sentyabrın 12-si axşamdan 13-ü səhər saat 08:00-a qədər balamdan xəbər gözləmişəm. Heç nə demirdilər. Ürəyim üzülürdü. Axırda dedim ki, düzünü deyin, Bəxtiyara nə olub. Bir də gördüm evimizin qabağında izdiham var. Hamı əlində bayraq “Şəhidlər ölməz, Vətən bölünməz” deyə qışqırır. Dünyam başıma yıxıldı. Səbirli ola bilmirəm artıq. Ağlayıram gözümdən yaş belə gəlmir. Uşağımın arzuları var idi. Deyirdim 6 ay qalıb qayıdıb gələr, elçi gedərəm, evləndirərəm.

Nəvələrim olar. Balamı bəylik kostyumunda görə bilmədim. Oğlumu bayrağa büküb gətirdilər, Bəxtiyarın bəylik kostyumu elə bayraq oldu…”.

Döyüşlər Bəxtiyara anasının son mesajını oxumağa belə macal vermir. Anası isə hələ də bir ümid o mesajın bir gün oxunacağını, o nömrədən yenə Bəxtiyarın səsinin gələcəyini gözləyir.

“Mənə yazdı ki, “narahat olma, burada döyüş yoxdur. Sən özünü qoru, mən gələcəyəm, anacan”. Telefonda bir də öpmək ifadəsi göndərdi. Mən nə qədər çalışdım, ona öpmək ifadəsi göndərim, alınmadı. Telefonu o qədər yaxşı işlədə bilmirəm, yanımda da heç kim yox idi ki, kömək etsin. Bəxtiyar heç vaxt mənə “anacan” deməzdi, biz onunla sirdaş olmuşuq. Son mesajında mənə “anacan” yazdı…

Mən də ona “sənə qurban olum, özünü qoru, ağıllım” yazmışdım, oxumağa fürsəti olmadı”.

Şəhid anası deyir ki, tək arzusu onun evinə düşən od başqasının evinə düşməsin:

“Mən çox xahiş edirəm, ailələrin tək övladlarını nəzərə alsınlar. Yaşlı valideynlərik. Biz demirik ki, uşağımız kənarda qalsın. Amma evin tək uşaqlarını başqa rayonlara göndərmək mümkün deyilmi? Ailədə iki uşaq olanda birinin acısına o birinə sarılırsan. Mənim Bəxtiyardan başqa övladım yoxdur, dərdimi izah edə bilmirəm. Bundan sonra heç olmasa evin tək övladları sağ-salamat ailəsinə qayıtsın.

Bəxtiyarın dostları deyir ki, Şəhidlər xiyabanına gedəndə məzarları ziyarət edərkən həmişə deyirdi ki, “gün gələcək, məni də belə ziyarət etməyə gələcəksiniz”. Sanki onu torpaq çağırırmış”.

Şəhidin atası Güloğlan Muradov oğlu barədə danışarkən qəhərlənir. Baxışlarını bizdən gizlədirdi şəhid atası. Məğrur dayanmağa çalışırdı…

Əmi ata yarısıdır… Bəxtiyarın əmisi Məmməd Muradov qardaşına dayaq olmağa çalışırdı.

O deyir ki, oxuduğu 29 nömrəli məktəbdə təhsil aldığı sinif otağına onun adı verilib:

“Bəxtiyar çox tərbiyəli uşaq olub. Əmisi oğulları ilə birlikdə böyüyüb. Mənim oğlum da 44 günlük Vətən müharibəsində döyüşüb, qazi olub. Bəxtiyar mərd oğul idi, tək oğlan olsa da, yoldaşlarını qoyub aşağı düşməyib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Ailə yaxını olan şair Elbrus Qayalı deyir ki, torpağa su töküləndə palçıq olur, qan töküləndə Vətən olur:

“Şəhidlərimizin qanı hesabına torpaqlarımız azaddır. Onların sayəsində ordumuz güclüdür. Bizim üçün, valideynləri üçün çox çətindir. Vətənpərvər ailənin övladı idi. Analar şəhid balalar üçün ağlayanda dözmək olmur. Bəxtiyar da digər şəhidlərimiz də tək ailələrinin deyil, hər birimizin qürurudur”.

Bir vaxt dostlarına dediyin sözün taleyinə yazılacağını nə bilərdik? Elə özünün də dediyin kimi, Bəxtiyar, təəssüf ki, o gün gəldi… Bu gün hər kəs Şəhidlər xiyabanına səni və sənin kimi bütün igid oğulları ziyarət etmək üçün gəlir, şəhidim…

Könül Cəfərli
Daha çox foto burada: Photostock.az

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir