Pirşağı qəsəbəsinin sakinləri Prezident İlham Əliyevə su və qəsəbədaxili yolların problemləri ilə bağlı şikayətlərini açıq məktubda yazıblar.
Məktubun bir nüsxəsi haqqin.az-ın redaksiyasına daxil olub.
“Bakının kiçik qəsəbəsi olan Pirşağının 30 illik su və yollarla bağlı problemi bizi sizə açıq məktub yazmağa vadar etdi. Pirşağı həm tarixi cəhətdən unikal ərazidir, həm də Bakının həyatını nəhəng insan potensialı baxımından təmin edən, istedadlı şairlər, bəstəkarlar, elm adamları və dövlət xadimləri yetişdirən yerdir. Bu kiçik qəsəbə Azərbaycana Şeyxülislam Axund Ağa Əlizadə, sənətkarlar Mikayıl və Elbəy Rzaquluzadə, Tahir Salahov, şair Qabil, akademik Akif Əlizadə və hamının sevimlisi Xoşbəxt Yusifzadə kimi görkəmli şəxsiyyətləri bəxş edib. Ancaq bu gün kənddəki həyat su və yollar olmadan donub qalıb”, – məktubda deyilir.
Yerli sakinlər qeyd edirlər ki, bütün standartlara və tələblərə cavab verən yeganə yol qəsəbəni Sumqayıt ilə birləşdirən mərkəzi yoldur. Bu yol birbaşa Prezident İlham Əliyevin göstərişi ilə inşa edilib.
Sakinlərinin fikrincə, qəsəbənin ən vacib problemi su ilə bağlıdır.
“30 ildir, su maşınları ilə su alırıq, bunun müqabilində dövlət suyunun qiymətindən 10 qat artıq pul ödəyirik. Bəzi ərazilərə su xətti çəkilib, sayğaclar quraşdırılıb, lakin su hələ də gəlmir, gəlsə də, saatla olur”, – məktubda bildirilir.
Sərt karantin günlərində su maşınları işləmədiyi üçün sakinlər bu vacib ehtiyaclarını ödəmək üçün artıqlaması ilə pul ödəməli olublar.
Məktubun sonunda Pirşağı sakinləri dövlət başçısının problemləri ilə şəxsən tanış olacağına ümid etdiklərini bildiriblər.