Lənkəranda narkotiklərin dövriyyəsinə qarşı əməliyyatlarda 22 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Kazımov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan 4 kiloqram 370 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni satmaq məqsədilə xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


www.102info.az