Audiovizual Şura “Xəzər” TV-yə xəbərdarlıq edib.
Şuradan bildirilib ki, 26 sentyabr 2022-ci il tarixində Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.
İclasda ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-nin “Xəzər TV” redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı müzakirə olunub.
Belə ki, “Xəzər” TV televiziya redaksiyasının “Xəbər ertəsi” proqramında 22 sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal hadisələrlə bağlı süjet yayımlanıb.
Bu xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri səsləndirib: “Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır, qorxulu səslər çıxarır… Biz də 10-15 dəqiqədir ki, artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar”.
Daha sonra süjetdə “Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb gedəcəm” yazısı olan kağız nümayiş etdirilib ki, müxbir ev yiyəsinin bu yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini deyib.
Bundan başqa, süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev adlı şəxsin fikirlərinə də yer verilib:
“Bu kimi hallar tez-tez baş verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər, paltarlarını kəsirlər… Bu cür halların qarşısının alınması insanların dini inanclarına bağlıdır”.
Efirdə bu cür reportajların yayımlanması ilə yanaşı, həmin reportajda baş verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırkı halda müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər” TV-yə xəbərdarlıq edib.
www.102info.az