Həmin gün gözlərimizi səngərdə açdıq…

Cəmiyyət

27 sentyabr tarixi o anadək adi günlərdən biri idi hər birimiz üçün…

Bəlkə də, artıq gecədən bəlli idi sübhün necə açılacağı. Artıq gecədən bilinirdi növbəti səhərin digərlərindən fərqlənəcəyi…

Zülmət qaranlığın Günəşin ilk şəfəqləri ilə aydınlanacağı zaman bizi uzun illərin həsrətindən azad edib, şanlı tarixə aparacağını isə heç kim bilmirdi. Bəlkə, hər birimiz bir telefon zənginə oyanmışıq həmin gün, bəlkə də, elə həmin o telefonun susqunluğunu sezib agah olmuşuq məsələdən.

Hər birimiz yuxudan ayılmışıq həmin gün bu və ya digər şəkildə: kimlərsə evində, kimlərsə gəzintidə, kimlərsə təbiət qoynunda, kimlərsə ata ocağında, kimlərsə səngərdə… Amma oyandıqdan sonra heç birimizə məkanın fərqi olmadığının mahiyyətinə varmışıq. Evində olan da, qonaq gedən də, təbiəti seyrə dalan da həmin o səngərin soyuqluğunu, ətrafa yayılan barıt qoxusunu hiss edib, öz olduğu yerdəcə qələbəyə aparan yolun sehrinə qapılmışdı. O gün, əslində, hər birimiz gözlərimizi səngərdə açmışdıq. Bir gün əvvəl gecə yuxuya gedən fərdlər olsa da, sübhü qarşılayan, yuxudan oyanan bütün bir xalq olmuşdu…

“Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib…”

Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Anar Eyvazovun dilindən səsləndirilən bu cümlə, yəqin ki, hər birimizin xatirində əbədi olaraq öz yerini tapıb. Məhz bu cümlədəki əks-hücum sözü bütün bir xalqın qəlbini riqqətə gətirib, çoxdan gözlənilən, hər an hazır olduğumuz o müqəddəs əmrin verildiyinin bəyanı kimi tarixdə öz yerini tapıb.

Bu sözləri eşitmək və həmin günü normal günmüş kimi yaşamaq o qədər qəliz bir məsələ idi ki…

Həm bütün varlığımızı bürümüş böyük narahatlıq, həm də çoxdan gözlədiyimiz Zəfər yürüşünün başlanması olduqca qarışıq və sözlə ifadəsi mümkün olmayan hisslər idi. Söz qılafına heç cür sığmayan bir hiss də həmin an bütün duyğularımızın, hisslərimizin, gözləntilərimizin və ümidlərimizin fövqündə yaşadığımız qeyri-müəyyənlik idi.

Duyğuların toqquşması bizə müdhiş bir intizarı bəxş edirdi. Həm xoş xəbər gözləyir, həm doğma yurd-yuvalarımızın xatirəsi bizi çağırır, həm də əldə silah düşmənə qan udduran qəhrəman Vətən övladlarının saçının hər bir telini qorumaq instinkti bizə əvəzsiz və təkrarolunmaz anlar yaşadırdı. Geriyə baxanda həmin o misilsiz duyğunu yenidən yaşamaq, yenidən o anı hiss edə bilmək mümkünsüz görünür… Çünki bu cür taleyüklü məqamlar yüz illiklər ərzində çox az yaşanır, hər nəslə həmin anı yaşamaq qismət olmur. Biz isə həmin o anı yaşamış bir nəsil, bir xalq olaraq tarix qarşısında öz missiyasını yerinə yetirmiş, haqsızlığa, ədalətsizliyə qarşı dimdik durmuş bir xalq kimi əbədiyyətə qədər təkrarolunmaz xatirələr qazanmışıq.

Şərait qəhrəmanları yetişdirdiyi kimi, həm də xalqı formalaşdırır. Xalqın birliyini, əzmini və iradəsini sınayır, onun arzularını, gələcəyini təyin edir. Biz həmin gün bizi bir xalq edən bütün keyfiyyətlərimizi, dəmir yumruq kimi birləşməyimizə səbəb olan sarsılmaz iradəmizi ortaya qoyaraq Zəfər yoluna çıxdıq.

İşimizin başında, küçədə, evimizdə, düşüncələrimizdə, hisslərimizdə, qəlbimizdə və ruhumuzda hər birimiz silaha sarılıb səngərdəki igidlərimizin yanında yer aldıq. Kimləsə salamlaşanda qoyduğumuz hörmət, bir körpəyə təbəssüm edərkən göstərdiyimiz səmimiyyət, işdə hansısa tapşırığı yerinə yetirəndə ortaya qoyduğumuz məsuliyyət daha şirin, daha doğma olmağa başladı həmin gündən. Çünki yuxudan oyandığımız gün bizi bizə daha doğmalaşdırmış, bizi bizə daha yaxın etmişdi. Həmin gündən başlayaraq xalq arasında yad insan olmadı, hər birimiz bir idik, hər birimiz Vətən övladı, hər birimiz cəbhədə şücayət göstərən qəhrəmanlarımızın bir zərrəsi idik…

İlk qələbəni, azad edilmiş torpaqlarımız barədə ilk xəbərlərin gəldiyi anları da unuda bilmirik. Qələbə xəbərinin, əsarət zəncirlərini qıran torpaqlarımızın harayının 30 il həsrətlə qovrulan qəlblərimizə bəxş etdiyi rahatlığı fərəh, qürur, sevinclə duyarkən bir tərəfdən də intizar içində olduğumuzu axı necə unuda bilərik?

27 sentyabr ilk saniyələrindən tarixin axarını dəyişmiş, adi, sıradan bir gün olmaqdan çıxmışdı. Bütün bir xalq olaraq oyandığımız həmin günün sonu da qeyri-adi idi. Səhər zənginə oyandığımız telefonu bir kənara atıb yuxuya getmək qəliz məsələyə çevrilmişdi. Bəlkələrlə dolu, hər saniyəsi bir ömür qədər uzun bir gecə bizi gözləyirdi. 27 sentyabr yekunlaşır, növbəti gün – növbəti döyüş, növbəti qələbə müjdəsi, növbəti intizar, qarmaqarışıq hisslər bizi gözləyirdi. 27 sentyabr yekunlaşır, bizi tarixi Zəfərə aparan yolun ilk günü geridə qalırdı. Açılacaq növbəti səhərdən, Günəşin al şəfəqlərindən isə gözləntilərimiz daha böyük idi…

Orxan Tağıyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir