“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində anım tədbiri, şəhid və qazi övladlarının iştirakı ilə futbol festivalı, Vətən müharibəsi qazilərinin Azərbaycan könüllüləri ilə görüşü, Hərbi Qənimətlər Parkına ekskursiya və İkinci Fəxri xiyabana ziyarət təşkil olunub.
İlk olaraq Milli Azərbaycan Tarixi Muzeyində şəhid ailələri, qazilər, üzv gənclər, təşkilatın idarə heyətinin üzvləri və muzey əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib.
Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxışçılar bu kimi tədbirlərin keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini tanıtmaq olduğunu diqqətə çatdırıblar.
Rəsmi çıxışlardan sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizin ailə üzvləri və qazilər çıxış edərək müharibə zamanı onların keçdikləri döyüş yolları, əldə olunan tarixi qələbəmiz haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda gənclər muzeydə nümayiş olunan “Silahların mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.
Anım Gününə həsr olunmuş növbəti tədbir “ASCO Arena”da şəhid və qazi övladları üçün təşkil olunub. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində AFFA-nın, “Böyük Qayıdış” Gənclər Təşkilatının və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən futbol festivalı zamanı 80-dən artıq uşaq futbol oynayıb, əyləncəli vaxt keçirib. Turnirdə iştirak edən komandalar müvafiq olaraq işğaldan azad edilmiş şəhər və rayonların adları ilə adlandırılıb. Festivalın sonunda iştirak edən hər bir uşağa, eləcə də Vətən müharibəsi qazilərinə tərəfdaş qurumlar tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin Azərbaycan könüllüləri ilə görüşü baş tutub.
Görüşdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər. Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.
Anım Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllü gənclərin iştirakı ilə II Fəxri xiyaban və rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət edilib. Ziyarətlər zamanı gənclər tərəfindən müzəffər Ali Baş Komandanın söylədiyi, Qələbənin simvoluna çevrilən “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.
Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.
www.102info.az