Şəhid bacısı: “Qardaşım xanımının ildönümündə bayrağa bükülüb geri döndü, övladı tək qaldı” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, canını doğma torpağımıza qurban verən igid hərbçilərimizdən biri də Rusif Quliyevdir.

Arayış: Rusif Asim oğlu Quliyev 1989-cu il sentyabrın 9-da Ağstafanın Yenigün kəndində anadan olub. 1996-2007-ci illərdə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Bir neçə il aradan sonra 2012-ci ildə yenidən hərbiyə qayıdıb. Rusif Quliyev səkkiz illik hərbi xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

O, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində son damla qanına qədər döyüşüb. Rusif Quliyev Murovdağ və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Oxu.Az-ın əməkdaşı şəhidin bacısı Rəsmiyyə Quliyeva ilə danışıb.

– Rəsmiyyə xanım, hərbçi olmaq qardaşınızın uşaqlıq arzusu idimi?

– Qardaşım hərbini uşaqlıqdan sevirmiş. Şəhid olan günə qədər öz rayonumuzda işləyirdi. Müharibəyə hərbçi kimi qatılıb. Qardaşım Aprel döyüşlərində də iştirak edib. İyul döyüşlərində də olub. Evə çox az-az gəlirdi.

Biz bilmirdik. Şəhid olandan sonra sinif yoldaşları bizə gəlib-gedirdilər. Onların dediyinə görə, məktəbdə həmişə sual verəndə ki kim olmaq istəyirsən, cavabı “hərbçi” olub. Həvəsi uşaqlıqdan var imiş.

– Qardaşınızın xanımının ildönümündə şəhid olduğunu dediniz…

– Rusif sevdiyinin ölümünə dözə bilmirdi. Sevib evlənmişdilər. Biz heç Ayselgili tanımırdıq, onlar Bakıda yaşayırdılar. Qızı qaçırmışdı. 2018-ci ildə sevdiyi xanımla ailə həyatı qurdu. 2019-cu ilin avqustunda qızı dünyaya gəldi. Anamın adını qoydular. 2019-cu il noyabrın 9-da yoldaşı Aysel rəhmətə getdi. Ürəktutmasından dünyasını dəyişdi. Ona uşaq dünyaya gətirmək olmazmış. Uşağı dünyaya gətirəndən iki ay sonra rəhmətə getdi. 2020-ci ildə müharibə başladı. Noyabrın 9-u gəlinimizin ilini qeyd edəcəkdik. Noyabrın 5-də qardaşımın nəşi Ağstafaya gətirildi. Yoldaşının ilinə qalmadı. Noyabrın 3-də qardaşım şəhid olmuşdu, 5-də dəfn edildi. Gəlinin ili çıxmamış qardaşım sevdiyinə qovuşdu.

Aysel rəhmətə gedəndən sonra qardaşım özünə gələ bilmirdi. O, Bakıda vəfat etdi. Uşağa baxa bilmirdi. Həkim məsləhət görmüşdü ki, heç nə etməsin. Anası gəldi ki, bizdə qalsın, amma qala bilmədi. Ona görə Ayseli Bakıya aparmaq qərarına gəldi. Qardaşım özü onu yola saldı. Bakıya çatan kimi Ayselin vəziyyəti pisləşdi. Təcili yardım çağırdılar, yolda rəhmətə getdi, bir gecə evlərində qala bilmədi.

Onun ölüm xəbərini Rusif çox ağır qarşıladı. Biz cürət edib Rusifə deyə bilmədik. Ayselin bacısı dedi. Qardaşım dondu, bayıra çıxıb var gücü ilə qışqırdı. Onu sakitləşdirdik, evə saldıq. Evdə yoldaşının yastığını tutub hönkürdü. Təcili yardım çağırıb, ona sakitləşdirici vurdurub, yola çıxdıq. Yoldaşının ölümünü qəbullana bilmirdi. Evlənmək barədə heç söhbət aça bilməzdik. Çünki o, Ayseli çox sevirdi. Anasını görməsə də, balaca Təranə anasını dəfn etməyə aparanda ağlamağa başladı. Heç kim sakitləşdirə bilmirdi.

– Qardaşınızın yadigarına indi siz baxırsınız?

– Uşağa mən baxıram. Balaca Təranə forma görən kimi atasını səsləyir. Təranə atası şəhid olanda 1 yaş 3 aylıq idi. Qardaşım həmişə evə gələndə formada olurdu. Forma görən kimi “ata, ata” deyirdi. İndi başa düşür. Evdə qardaşım üçün guşə düzəltmişik. Tez-tez gedib, çəkməsinin üstünü silir. Atasının məzarına gedir. Yolda atası üçün gül dərib aparır. Çox dərrakəli uşaqdır. Nəsə edəndə deyir ki, bunu etsəm, ata küsər. Çox ağıllı uşaqdır.

– Rusiflə son dəfə nə zaman görüşdünüz?

– Rusif son dəfə anamla vidalaşdı. Noyabrın 1-i evə gəldi. Gecə 12-də gəldi, 3-də getdi. Onu anam yola salıb. Anamı bərk-bərk qucaqlayıb. Şəhid olandan sonra böyük qardaşım dedi ki, Rusif ona Şuşaya getdiyini deyib. Bizimlə həmişə əlaqə saxlayırdı. Sonuncu dəfə evə gəlib-gedəndən sonra telefonuna zəng çatmadı. Çox narahat idik. Qardaşım şəhid olandan sonra telefonu şkafdan çıxdı. Rusif son dəfə övladıyla şəkil çəkdirib, dostlarına göndərdi. Qardaşım şəhid olanda sosial şəbəkələrdə qardaşımla Təranənin şəkilləri yayılmışdı.

– Onun ən böyük arzusu nə idi?

– Rusifin arzusu evimizi düzəltdirmək idi. Ən böyük arzusunu deyə bilmərəm. Amma biz çox kasıb olmuşuq. Biz uşaq olanda atamız dünyasını dəyişib. Həmişə deyirdi ki, sizə xoş günlər yaşadacam, evimizi düzəltdirəcəm. Hərbiyə də, bəlkə, ona görə, yönləndi. O, şəhid olandan sonra bizə ev tikildi. Anam o evə girə bilmirdi. Anam onda dedi ki, “Rusif həmişə deyirdi, mama, sənə çox gözəl ev tikdirəcəm, bunu deyirmiş”.

– Rusifin Qarabağdan qayıdışını necə gözləyirdiniz?

– Rusifin şəhid olacağına inanmırdıq. Heç ağlımıza gəlməzdi. İnanmırdıq. Biz evdə üç uşaq idik. Bir böyük qardaşım da var. Rusif balacamız idi. Anam indiyə qədər qəbullana bilmir. Qələbə xəbərini eşidəndə ayaqyalın qəbrinin üstünə qaçdım. Anamı deyə bilmərəm. Noyabrın 8-i idi. Şuşanın azad olunduğunu dedilər. Qardaşımın yeddisi çıxmamışdı. Küçələrdə insanların qələbəni qeyd etdiyini dedilər. Mən özümdən asılı olmayaraq çox pis oldum. Ayaqyalın qəbiristanlığa qaçdım. Heç kəs məni tuta bilmədi. Gedib dedim ki, nə olardı, beş gün dözərdin… Nə qədər ağır olsa da, fəxr olunasıdır. O, başqa yol ilə dünyadan köçməyib. O indi ucalardan da ucadadır. Bir insanın yoxluğunu qəbullanmaq çox çətindir. O qədər yaxşı idi. Tam başqa biri idi. Qayğıkeş idi. Hamının qeydinə qalırdı. Qismət…

– Son təxribatlarda Rusifin dostu da şəhid olub.

– O dünyada dostu ilə görüşdülər. Son günlər baş verənlər məni iki il öncəyə qaytardı. Mən o günləri yaşamışam. Hələ də o səslər qulağımdadır. Anaların, bacıların ah-naləsini duyuram. Elə zənn elədim ki, Rusif yenidən şəhid oldu. Qardaşımın iş yoldaşı, yaxın dostu Azad Kərimov da sentyabrın 12-dən 13-nə keçən gecə şəhid olanlar içərisindədir. Ona görə çox pis olduq. Azad bizə gəlib-gedirdi. O dünyada dostu ilə birləşdilər.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir