Nazirlik yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib – FOTO/VİDEO

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən bildirilib ki, bu çərçivədə, baş vermiş yanğın hadisələrinin statistik təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür. Bu qəbildən olan yanğınların qarşısının alınması məqsədilə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən rayon icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyələrin iştirakı ilə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirlərinin görülməsinə baxmayaraq, vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına tez-tez rast gəlinir.

Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına gətirib çıxarır. 

Qeyd olunanlarla bağlı FHN ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərilə – 15 metr, avtomobil yolları ilə isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir