Mədəniyyət Nazirliyi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.
Oxu.Az bildirir ki, qurum sentyabrın əvvəlində təhsil müəssisəsində baş verənlərlə bağlı araşdırma aparıb və qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına müraciət olunub.
Nazirliyin məlumatında deyilir:
“Nazirliyin tabeliyində fəaliyyət göstərən Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktor müavini və bəzi müəllimlərinin yeni direktor təyinatına qarşı itaətsizlikləri və etirazları nəticəsində məktəbdə yaranan vəziyyətlə bağlı mediada yayımlanan məlumatlarla əlaqədar və məktəbin ümumi fəaliyyətinə dair nazirlik tərəfindən xidməti araşdırma aparılıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, məktəb rəhbərliyinin, həmçinin bəzi müəllimlərin təşkilatçılığı və iştirakı ilə ictimai qaydanı kobud surətdə pozan, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının azalmasına, müəssisənin normal iş fəaliyyətinin iflic edilməsinə səbəb olan hərəkətlərə yol verilib, bunun nəticəsində təhsil müəssisəsində sağlam işgüzar mühit korlanıb. Eyni zamanda, məktəbdə tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozularaq vəzifəli şəxslərin yaxın qohumlarının birgə işləməsinə yol verilməsi, məktəbin fəaliyyətində dövlət vəsaitinin israf edilməsi halları, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verildiyi barədə məlumatlar aşkar olunub.
Sentyabrın 1-də məktəbdə baş verən hadisənin iştirakçıları olan müəllimlərin əksəriyyəti məktəb rəhbərliyinin qohumları olmaqla sabiq direktor Rövşən Zamanovun bacısı, bacısının həyat yoldaşı, bacısının qızı, bibisi nəvəsi və tədris işləri üzrə direktor müavini Afət Məmmədovanın qudası, qardaşının həyat yoldaşı, qızının əri, qızının ərinin qardaşı və digər qohumlarından ibarətdir.
Bildiririk ki, qeyd olunan hallarla bağlı qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına müraciət olunub. Eyni zamanda, hazırda məktəbdə sağlam işgüzar mühitin yaradılması, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının bərpa olunması, müəssisənin normal iş fəaliyyətinin təşkil olunması istiqamətində zəruri tədbirlər görülməkdədir”.
Qeyd edək ki, Göyçay Rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanmışdı. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirdilər.
www.102info.az