Bakıda evlərdən iki milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda hökm dəyişdirilib.
Qərara əsasən, Cavid Süleymanovun cəzası bir il azaldılaraq səkkiz ilə, Əhməd Əhmədovun cəzası isə üç il azaldılaraq beş ilə endirilib.
İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət ediblər.
Zərərçəkmişlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan dəyib.
Ümumilikdə isə oğurluq hadisələri zamanı ittiham olunanların zərərçəkənlərə təxminən iki milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov doqquz il, Əhməd Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi.
www.102info.az