Azyaşlı övladı olanların bağça problemi: Dövlətinkində yer yoxdur, özəl üçün isə pul – ARAŞDIRMA

Cəmiyyət

Övladını bağçaya qoymaq istəyən valideynlər üçün iki seçim var: dövlət və özəl bağçalar. Ancaq bu seçimlərdən istifadə imkanı heç də hər valideynə qismət olmur. Dövlət bağçalarında yer olmur. Çünki dövlət uşaq bağçaları bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Heç özəl bağça sayı da çox deyil. Ötən ilin sonuna olan məlumata görə, ölkədə 133 özəl bağça fəaliyyət göstərir. Üstəlik, özəl bağçalarda qiymətlər “od tutub yanır”. Orta qiymətə özəl bağça tapmaq mümkünsüzdür. Bəs bağça problemi necə həll olunmalıdır? Bu qədər tələb varkən, biznes adamları niyə orta qiymətə xidmət təklif edə biləcəkləri bağçalar qurmurlar?

Məsələ ilə bağlı “Kaspi” qəzetinin əməkdaşı araşdırma aparıb.

Bağça biznesi olan iş adamı Elvin Dadaşsoy deyir ki, özəl bağçalardakı qiymətlər biznesə yatırılan investisiyaya, biznesin xərclərinə uyğundur. Əhalinin gəliri, ödəmə qabiliyyəti azdır deyə, bu qiymətlər onların gözləntilərinə müvafiq deyil. İş adamı deyir ki, 200-250 manata bağça axtaran valideyn kütləsi ümumi kütlənin təxminən 95 faizini təşkil edir: “Bazarda isə qiymətlər 300-350 manatdan başlayır. Çoxluq isə 350-400 manatdır. Valideynin gözləntisi ilə bazardakı qiymətlər arasında fərq var”.

Bazardakı qiymətlərdən daha aşağı məbləğdə xidmət təklif edilməsinin mümkünlüyünə gəlincə, E.Dadaşsoy bildirdi: “Hazırkı bazar şərtləri onu deyir ki, orta qiymətə bağça xidməti təklif edən biznes adamı elə icarədarlara işləmiş olacaq. Məsələn, elə biznes var ki, xarici saytdan onlayn alır, burda da “Instagram”da onlayn satışını aparır və ayda 5 min manat qazanır. Bu biznes üçün böyük investisiya da lazım deyil. Bağça qurmaq üçün yatırılan investisiyaya və gəlirə baxaq. Məsələn, 700 kvadratlıq bağça olacaqsa, ən azı 200 min manat təmirə, 80-100 min də avadanlıqların alınmasına xərclənməlidir. 250-300 min pul yatırmış sahibkar o pulu ən azı 3 ilə qaytarmaq istəyir. Bunun üçün isə aya 8-10 min qazanmalıdır. O pulu qazanmaq isə 250 manatlıq qiymətlə real deyil. Könül işi kimi yanaşıb o qiymətə də bağça qurmaq olar. Amma biznes kimi baxanda hazırda orta qiymətə bağça sərfəli deyil”.

E.Dadaşsoy bildirdi ki, dövlət dəstəyi olarsa, biznes adamlarını bu sahəyə investisiya yatırmağa cəlb etmək, orta qiymətə bağça ərsəyə gətirmək olar: “Məsələn, bağça açan biznes adamının investisiyasının yarısını Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qarşılaya bilər. Yaxud bağça açılması üçün standartlarda müəyyən yumşaldılmaya gedilsin. Bu sahəyə dövlət dəstəyi olarsa, özəl bağça sahəsinə biznes adamları maraq göstərər. Bu zaman daha yaxşı nəticə əldə etmək mümkündür”.

Millət vəkili Tamam Cəfərova deyir ki, Azərbaycan qanunvericiliyində özəl müəssisələrdə qiymətlər liberal şəkildə, bazar tərəfindən müəyyənləşdirilir və dövlətin bu qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Ancaq qanunvericilik imkan verir ki, yalnız istehlak bazarında deyil, xidmətlər sektorunda da qiymətlər süni olduğu halda, müvafiq icra hakimiyyətləri həmin qiymətlərin aşağı salınması üçün iş apara bilərlər. Bunun üçün həmin orqanlar tərəfindən müəssisələrə xəbərdarlıqlar edilə, cərimələr tətbiq oluna, müəssisələrin lisenziyaları geri alına bilər”.

T.Cəfərova xatırlatdı ki, uşaq bağçaları 2014-cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar: “Gözlənilirdi ki, vergilərdən azad olunma həmin müəssisələrin xərclərinin azalmasına, özəl məktəbəqədər təhsil sektorunun genişləndirilməsinə, bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmağa, dövlət məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin maddi-texniki bazasının gücləndirilməsinə imkan yaradacaq və bu da öz növbəsində özəl müəssisələrin təqdim etdiyi xidmətlərin qiymətlərinin azalmasına gətirib çıxarmalıdır. Amma gözləntilər özünü doğrultmadı. Düşünürəm ki, bu sahədə fəaliyyət göstərən sahibkarlara vergi və kommunal xidmətlərin ödənişlərində güzəştlər verilməli, amma xüsusi qaydada müvafiq qurumlar tərəfindən nəzarət edilməlidir ki, qiymətlər süni qaldırılmasın”.

İqtisadçı Xalid Kərimli deyir ki, özəl bağçalarda qiymətlərin aşağı düşməsi üçün dövlətin hansısa formada maliyyə dəstəyi göstərməsi real deyil: “Özəl sektor qiymət təyin etməkdə azaddır. Uşağa onlayn nəzarət imkanı, yaxşı qidalanma, peşəkar müəllim, komfortlu məkan istəyib, amma “ucuz olsun” deyə bilmərik. Özəl bağçanın xərci çoxdursa, qiyməti də ona uyğun təyin edəcək. Amma dövlət də bu sektora subsidiya verə, yaxud investisiya xərclərini qarşılaya bilməz. Burada korrupsiya halları çox ola bilər. Ümumiyyətlə isə dövlətin hər sahəyə yardım etməsi mümkün deyil. Amma dövlət daha çox bağça açılması üçün mühit yarada bilər. Bağçalar çoxaldıqca rəqabət yaranacaq. Rəqabət özü bazar şərtləri əsasında qiyməti tənzimləyəcək”.

X.Kərimlinin sözlərinə görə, bağça problemi varsa, burda dövlətin atacağı addımlar başqa olmalıdır: “Dünyada belədir ki, imkansızlar, sosial cəhətdən vəziyyəti yaxşı olmayanlar dövlət bağçaların gedirlər. Dövlət bağçaları ya pulsuz olur, ya da güzəştli. Azərbaycanda da dövlət bağçaları pulsuzdur. Dövlət bağçasında yer çatışmazlığı varsa, dövlət bağçalarına qəbul yeri artırıla bilər. Yaxud dövlət bağçalarına qəbul zamanı üstünlük hüquqları müəyyənləşdirilə bilər. Məsələn, sosial cəhətdən həssas təbəqələrin övladları ilkin yer tapa bilsin. Bu cür yanaşmalar tətbiq etmək olar”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir