Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? – “Bizə tapşırıq verilməyib” + FOTO

Cəmiyyət

Bakının qədim tarixə malik olan yerlərindən biri də Xəzər rayonunun Buzovna qəsəbəsidir. Buradakı qayalar isə Buzovnanın rəmzidir desək, yanılmarıq. Lakin bir müddətdir ki, bəzi şəxslər tarixi heçə sayaraq həmin qayaları qanunsuz şəkildə mənimsəyib öz mülklərinə çevirməyə çalışırlar. Hətta iyun ayının 13-də Buzovna sakinləri tarixi qayaların zəbt edilməsiylə bağlı Prezident İlham Əliyevə müraciət etdilər. Onlar Xəzər sahilinin qısa müddətdə hasarlandığını və qayaların üzərində yeni tikililərin ucaldıldığını bildirdilər. Sakinlər dənizin yaxınlığında 20-50 metrlik zolağı özəlləşdirib ictimai istifadə üçün bağlamağın qanun pozuntusu olduğunu vurğulayaraq Prezidentin məsələyə müdaxilə etməsini xahiş etdilər. Bu hadisədən bir neçə gün sonra isə Prezident İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışının təmin edilməsi ilə bağlı Sərəncam verdi. 

Nəticədə 22 iyundan etibarən Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz hasar və tikililərin söküntüsünə başlanıldığına dair məlumat yaydı. Bildirildi ki, ərazi təmizlənəcək, təmizlənən sahələr çimərliyə birləşdiriləcək və oraya daim nəzarət olacaq. Məlumatda əks olunduğu kimi, doğrudan da, qısa müddətlik olsa da, ərazidə söküntü işləri aparıldı. Qayalıqlara atılan zibillərin oradan toplanmasına dair görüntülər yayıldı. Lakin həqiqət heç də görüntülərdəki kimi deyil. Belə ki, bu gün qayalıqlara baş çəkdikdə tamam fərqli mənzərənin şahidi olduq. 

Dəniz sahilindəki qanunsuz hasarların bir hissəsi sökülmüş olsa da, qayalar üzərində yerləşən tikililərin böyük qisminə hələ də əl dəyməyib. Üstəlik, üç ay əvvəlki söküntünün tullantıları da ərazidən tam təmizlənməyib. Vəziyyətdən narazı olan sakinlər bildirirlər ki, qayaların bir hissəsini hər həftəsonu iməcilik təşkil edərək təmizləsələr də, böyük bir hissə hələ də zibilli vəziyyətdədir:

“Qanunsuz tikililərin bir neçəsi hələ də qalıb, sökülmür və təmizlik işləri getmir. Etirazlarımızdan sonra bu gün Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, indi təmizlik işlərinə başlayıblar, ümid edirik, davam edəcək. 2016-cı ildə Prezidentin tapşırığı ilə sahil xətti təyin olunub. Qanuna qalsa, buradakı əvvəldən tikilmiş evlər də sökülməlidir. Amma biz ev sökən deyilik, sadəcə qayaların üzərindəki yeni tikililərin sökülməsini və tullantıların təmizlənməsini istəyirik. Bəzi tikililər isə təbii sərvətin üzərindən geri çəkilməlidir”.

Təmizləmə işlərinə nəzarət edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Əliyev isə Oxu.Az-a ərazidə hazırda heç bir tikinti işinin aparılmadığını deyir:

“Biz söküntüdən qalan tullantılardan ərazini təmizləmək üçün buradayıq. Tapşırıq verilən yerlər sökülüb, indi isə təmizləmə işləri gedir. Bir müddət əvvəl sol tərəfdəki qayaların üzərini təmizlədik, kənd sakinləri iməcilik təşkil etdilər, icra hakimiyyəti texnika və “KamAZ” verdi. Qayaların üzərindən 130-140 maşına yaxın tullantı çıxarıldı. İndi də buranı təmizləyirik, sakinlər də yenə iməcilik təşkil edirlər. Təmizlik işləri tam yekunlaşmayıb. Söküntü işlərinə nə vaxt başlanılacağı barədə isə dəqiq məlumat verə bilmərəm. Bizdə texniki sahə məhduddur deyə işi mərhələli şəkildə icra edirik. Qəsəbə böyükdür, təkcə bu hissədə işlər görülmür, digər ərazilər də var”.

İcra nümayəndəsi qeyd edir ki, haranın sökülməsiylə bağlı göstəriş verilibsə, orada söküntü işi aparılıb:

“Qayanın üzərindəki sökülməyən tikili ilə bağlı hələ ki göstəriş almamışıq, tapşırıq verilən kimi o da söküləcək, kimə məxsus olduğunu bilmirik, sahibləri burada yaşamırlar, arabir gəlirlər, 15 ildən çoxdur ki, o tikili qayanın üzərində var. Proses mərhələli icra olunur. Yəqin, o da sökülər. Bəzən olur ki, iş bir gün dayanır, sonrakı gün təkrar davam edir”.

Ərazidəki bir digər problem isə bağ evlərinin kanalizasiya sularının dənizə axıdılmasıdır. Həmin hissənin çimərlik kimi istifadə olunması isə “nəzarət”in nə qədər güclü olduğunun əsl sübutudur. Görünən odur ki, bu gün məsul şəxsləri nə tarix, nə dənizin çirkləndirilməsi, nə natəmiz görüntü, nə də üfunət qoxusu maraqlandırır. Bu özbaşınalıqları kimlərin etdiyi isə sirr olaraq qalır. 

Daha çox foto burada: Photostock.az

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir