Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə verildi

Cəmiyyət

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan varis olduğunu təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

“Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o, banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər”.

Qeyd edək ki, iki yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.

12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub. 24 yaşlı şəhidin dəfn mərasimində böyük izdiham yaşanıb.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir