Ancaq xarici dildə menyu təqdim edən restoranların sayı niyə artıb və onları hansı cəza gözləyir? – RƏY + FOTO

Cəmiyyət

Bakıda yerləşən bəzi restoranlarda menyu ancaq xarici dildə təqdim olunur. Daha çox müraciət edilən isə rus və ingilis dilləridir. Mərkəzi küçələrdə yerləşən restoranların bir qismi qonaqları əsasən xarici turistlər olduğundan, yaxud başqa səbəbdən menyularında Azərbaycan dilinə yer verməməyi üstün tuturlar. Lakin unudulan bir məqam var ki, törətdikləri bu əməl “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun birbaşa pozulmasıdır. Bu hal isə bizim kimi bir çox vətəndaşları narahat edir.

Müştəri irad bildirdikdə isə əsassız bəhanələr səslənir və xoşagəlməz hallar yaşanır. Məsələn, ötən gün Nizami küçəsində yerləşən gürcü restoranlarından birində bənzər hadisə yaşadıq. Masaya xidmət göstərən ofisiantdan müştəriyə niyə Azərbaycan dilində menyu təqdim etmədiyini soruşduqda yarı rus, yarı Azərbaycan dilində izah etməyə çalışdı ki, menyu Azərbaycan dilində olanda uşaqlar onun səhifələrini qoparırlar. Heç bir məntiq tapa bilmədiyimiz bu cümlədən belə çıxır ki, azyaşlı və yeniyetmələrdə Azərbaycan dilinə qarşı xüsusi aqressiya var.

Bu gün bəziləri menyuların rus dilində olmasının səbəbini Rusiyada qismən səfərbərlik elan edilməsindən sonra Azərbaycana gələn rusların çoxluğu ilə əlaqələndirirlər. Lakin qeyd etmək lazımdır ki, analoji hadisə illərdir yaşanır. Dilinə hörmət edən insanlar buna etiraz bildirsələr də, nə monitorinq aparmalı olan aidiyyəti qurumlar, nə də sahibkarlar etirazlara məhəl qoyurlar. 

Mövzu barədə Oxu.Az-a danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi belə halların kütləvi xarakter daşımadığını deyib:

“Ümumilikdə isə bu, yolverilməzdir, Azərbaycanda menyular Azərbaycan dili və digər dillərdə olmalıdır. Yəni Azərbaycan dilində menyunun olması mütləqdir. Bu qaydaya əməl etməmək yerli istehlakçının hüquqlarının pozulmasına gətirib çıxara bilər. Biz ara-sıra belə şeylər eşidirik, bəzən restoranlarda ancaq ərəbcə, ingiliscə menyu olur, bu, doğru deyil”.

Həmsöhbətimiz bu gün menyuların tərtib olunmasında mühüm problemin olduğunu vurğulayıb:

“Menyunun tərtib edilməsi qaydaları var, bir çox ictimai iaşə obyektləri qaydaları pozurlar, bununla da müştərilərin qida növündə olan seçimini qarışdırırlar. Menyu düzgün qaydada tərtib olunmalıdır. O, bir sənəddir, ictimai iaşə obyektinin təklif etdiyi xidmətləri, qida və içki çeşidlərini ehtiva edir.  Bu sahədə həm Qida Təhlükəsizliyi Agentliyi kimi dövlət qurumları, həm də ictimai qurumlar tərəfindən monitorinq aparılır. O cümlədən ictimaiyyət də bunu monitorinq edir, sosial şəbəkələr izlənilir, restoranların belə işləri ortaya çıxanda isə qınaq olur. Hesab edirəm ki, burada əsas təsir mexanizmi ictimai qınaqdır”.

Məsələnin hüquqi tərəfindən danışan hüquqşünas Turan Abdullazadə isə qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilməlidir:

“Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Eləcə də zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. 

İnzibati Xətalar Məcəlləsinin 533-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər 12 min manatdan 16 min manatadək məbləğdə cərimə edilirlər”.

Hüquqşünas diqqətə çatdırıb ki, həmin Məcəllənin 533-1-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilirlər.

“Sadaladığım qanunvericilik normalarından da göründüyü kimi, restoranlarda təqdim olunmuş menyu xarici dillərlə yanaşı, mütləq qaydada Azərbaycan dilində də tərtib olunmalıdır. Bu tələbi pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”, – deyə T.Abdullazadə əlavə edib.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir