Qurban Səidin anası milyonçu qoca ərinin almazlarını Stalinə verib niyə intihar etdi? – İndiyədək bilmədiyimiz qanlı olaylar

AKTUAL Araşdırma Dünya

Fransada yaşayan naşir Nicat Kazımovun “Qurban Səid və Stalin” yazısını təqdim edir. Qeyd edək ki, yazıda qalmaqallı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Stalin” kitabındakı məqamlardan danışılır.
1930-cu illərdə Avropada Stalin haqqında çox az məlumat var idi. Hər kəs Avropanın şərqindəki böyük dövlətin başındakı şəxsin necə birisi olduğunu bilmək istəyirdi. Hətta dövrün Avropadakı kommunistləri belə Stalini ancaq SSRİ-nin başçısı kimi tanıyırdı və haqqında başqa məlumatlar çox azdı.
Qurban Səid ləqəbli Əsəd bəy Avropada yaşayan nadir yazıçılardan oldu ki, bütün dünyanın danışdığı Stalinin portretini öz qələmi ilə mükəmməl bir üslubda izah edə bildi. Onun uşaqlığından 1930-cu ilə qədərki həyatı haqqında bioqrafik kitab yazmışdı. Bu həmçinin nadir kitablardandır ki, Stalin yaşadığı müddətdə onun həyatı haqqında obyektiv yanaşma ilə Avropada kitab yazılsın. Mən Fransanın cənubunda yerləşən qədim bir bukinistdən Məhəmməd Əsəd bəyin 30 noyabr 1931-ci ildə Gallimard nəşriyyatı tərəfindən nəşr olunmuş kitabını tapa bildim. Hazırda gördüyünüz kitab ilk orijinal nəşrdir və cəmi 11 ildən sonra kitabın 100 yaşı olacaq. Bu kitabı alman dilindən iki nəfər Andhree Vaillant və Jean R. Kuckenburg fransız dilinə tərcümə etmişdir.

Gallery

Kitabın içərisində Stalinin fəaliyyəti elə dəqiqliklə verilibdir ki, elə bil Əsəd bəy bu kitabı yazarkən düz Stalinin yanında, sağ əli qədər yaxınında olubdur. Bu qədər dəqiq informasiyaları necə əldə etməsi mənə çox maraqlı oldu. Çünki Avropada əbədi mühacirliyə getmiş gənc yazıçı Əsəd bəy heç vaxt Stalinə bu qədər yaxın olmamışdı. Amma bununla yanaşı Stalin çar milisləri tərəfindən təqib olunub zirzəmidəki gizli sığıncağında gizlənərkən tənbəkisini çəkib bəstəkar dostu Corcaşvilinin bəstələdiyi mahnını oxuduğuna qədər yazır. Mahnı da sözlər belə olur:

Ağlama ana,
Ağlama ata
Yumru almalar ilə oynamağı
həmişə sevdim
Onlar köhnə şəhərimizdəki qurtulduğum
Tör-töküntüdən daha təhlükəli idilər.

Ola bilsin qafiyəli tərcümə edə bilmədim. Çünki şer ilk öncə gürcü dilindən alman dilinə tərcümə olunmuş, daha sonra həmin bənd almancadan fransız dilinə tərcümə olunmuşdu. Mən də öz dilimizdə Stalin kədərləndiyində oxuduğu mahnını sizə çatdırdım.

Gallery

Bir az haşiyə edək. Yoxsa, bu şer də bir gizli mesaj idi? Geniş yayılan rəvayətə görə, Stalin Bayılda həbsxanada olduğunda Azərbaycan xalq mahnısı olan ”Pəncərədən daş gəlir” mahnısı şifrə məqsədli istifadə olunurdu. Belə ki, informasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan “Pəncərədən daş gəlir” oxunardı.

Qayıdaq Stalinin inqilabi mahnısına. Əsəd bəy kitabda yazır ki, Corcaşvilinin bu mahnısı yavaş yavaş inqilabçıların dilində əzbər olmağa başlayır və gizli toplantılarına başlamazdan əvvəl himn kimi bu şeri oxuyurlar. Çar rejimi bu mahnını terrorizmə dəstək kimi qiymətləndirir və mahnını qadağa edirlər. Lakin Koba Tiflisin qədim küçələrində Çar hərbi qruplaşmaları ilə lokal döyüşlərdə qalib gəldiyində artıq bu mahnını qələbə mahnısı kimi oxumağa başlayır.

Əgər Tom Reissin kitabını oxumasaydım, Əsəd bəyin daxilindəki Stalin nifrətini heç vaxt bilməzdim. Çünki kitab nifrətlə deyil faktlarla və obyektivliklə yazılıb.

Niyə nifrət olub bəs? Çünki Əsəd bəy hesab edirdi ki, Stalin onun uşaqlığını məhv etmişdir. Bunun üçün Əsəd bəyin uşaqlığına səyahət edəcəyik…

Əsəd bəy öz uşaqlığını xatırlarkən Almaniyanın məşhur ədəbiyyat qəzeti olan ”Die literarische Welt ” yazılarında özünü heç bir yerə aid edə bilmir, çünki anası Kiyevdən Bakıya yola düşən qatarda anadan olmuşdu. Düzdür, sənədlərdə onu Kiyev doğumlu göstərmişdilər. Amma anadan olduğu ərazi bildirdiyinə görə Ukrayna ərazisindən artıq çox uzaqlaşmışdı. Atası İbrahim Nissimbaum Tiflisli zəngin neft milyonçusu idi. Anası Bassya Davidovna isə sənədlərə görə belarusiyalı idi. Lakin böyük bir təzad var idi. Bassya Davidovna əri tanınmış kapitalist olmasına baxmayaraq, özü radikal kommunist idi və hətta rus kömürçülərini inqilaba təşviq etmişdi, böyük tətil aksiyaları təşkil edib Çarizm sisteminin nifrətini qazanmışdı. Tom Reissin yazdığı Oryantalist əsərində Məhəmməd Əsəd bəyin Stalinə nifrəti burada aşkar olunur. O, hələ 4-5 yaşında olduğunda qəfil anasının yox olduğunu və evdə bir də ondan danışılmadığını bildirir. Sonradan Əsəd bəy belə bir ehtimal irəli sürür ki, anası Davidovna neft milyonçusu ərinin sərvətini gizlində inqilabi proseslərə ötürürmüş – daha dəqiq desəm, Davidovna, qoca ərinin ona aldığı almazları Stalinin başçılıq etdiyi mətbəənin xərclərinin təmin olunması üçün göndərirdi . Atası İbrahim bundan xəbərdar olduğunda həyat yoldaşının belə bir şey etməsini xəyanət kimi qiymətləndirir, Basya Davidovna isə öz yoldaşlarından ayrı düşdüyündən və mənəvi əzab çəkdiyindən bir gün zəhər içərək intihar edir.

Vau. Dayanaq!

Kapitalist yəhudi bir ata, radikal kommunist bir ana, Bakı mentaliteti, Avropa mədəniyyəti. Ata İbrahim kommunist həyat yoldaşını Stalinlə işbirliyini başa düşdüyündə və onunla münasibətinin sırf sərvətinin parçalanması üçün istifadə etdiyini anladığında, həyat yoldaşı, yəni Basya Davidovna öz yoldaşlarının yanında ola bilmədiyini və onun prinsiplərinə zidd kapitalist birisi ilə evli olduğunu fikirləşərək zəhər içib intihar edir. Dostlar, bu Holivud filminin ssenarisi deyil, bunların hamısı dəniz, tarix və qan qoxulu İçərişəhərin divarları arxasında baş tutur.

Gallery

Təbii ki, bu olanlar uşaq Əsəddən gizlədilsə də, o hər şeyi hiss edir və gələcəyin dahi yazıçısını – Qurban Səidi formalaşdırır. Əsəd bəy Stalin və onun ideologiyası olmasaydı ana həsrəti yaşamayacağını hesab edirdi və buna görə içində Stalinə qarşı sonsuz bir nifrət formalaşmışdı. Anasından ona qalan isə çox böyük bir kitabxana idi. Hansı ki bu kitabxana onun sonraki yaradıcılığı üçün böyük əhəmiyyət kəsb edəcəkdi.

Bütün bunlara baxmayaraq o, ilk almanca sonra dünya dillərində nəşr olunan bestseller – “Stalin” kitabını yazır.

Mən bu kitabı tapdım və hazırda Fransada yenidən nəşri üçün üzərində işləyirik. Tezliklə bu dəyərli kitabı yeni üz qabığında, gözəl dizaynla bütün Fransaya yayacağıq. Sizə arxivdən tapdığım ikinci bir möhtəşəm əsəri – Əsəd bəyin yenə də müəllifi olduğu Fransada 1935-ci ildə nəşr edilmiş ”İnqilab Qarşısında ” adlı Çar II Nikolay haqqında yazdığı və qısa zamanda bütün Avropada bestseller olan kitabdan da danışmaq istəyirəm. Bunu isə növbəti yazımda oxuya bilərsiniz.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir