“Çin Rusiyanın Ukraynadakı müharibə təcrübəsini öyrənir. Bu təcrübədən Tayvana qarşı öz “hibrid müharibəsi” strategiyasını yaratmaq üçün istifadə etmək niyyətindədir. O cümlədən pilotsuz təyyarələrdən istifadə və psixoloji təzyiq yaratmaq üçün də Ukrayna təcrübəsi araşdırılır”.
Bu barədə Tayvanın Milli Təhlükəsizlik Bürosunun baş direktoru Çen Min-Tun bildirib.
“Bu il kommunist hərbçiləri Tayvana qarşı “hibrid müharibə”ni inkişaf etdirmək və döyüş hazırlığını gücləndirmək üçün Rusiya-Ukrayna müharibəsi təcrübəsini nümunə götürüblər”, – deyə Çen parlamentdəki çıxışında qeyd edib.
“Avqust təlimindən sonra Çin Tayvana qarşı “boz zona” və hibrid fəaliyyətlərini, xüsusən də dronların istifadəsini genişləndirdi”, – deyə Çen əlavə edib.
Tayvan iddia edir ki, Çinin “boz zona”dakı hərbi kampaniyası açıq döyüşlərə əl atmadan düşmənin qeyri-müntəzəm taktika ilə zəflədilməsini nəzərdə tutur. Məsələn, Tayvanın hava hücumundan müdafiə zonasına tez-tez uçuşlar və Tayvanın hava qüvvələrini aktivləşməyə vadar etmək kimi hərəkətlər bu taktikanın xüsusiyyətlərindəndir.
Qeyd olunur ki, Tayvan da öz növbəsində Rusiya-Ukrayna müharibəsinin nəticələrini diqqətlə öyrənir. Bu, adanı öz ərazisi hesab edən Çin güc tətbiq edəcəyi halda lazımi cavab vermək məqsədi daşıyır.
Mənbə: Ukrinform
www.102info.az