“Heç kimə sirr deyil ki, Türkiyə təkcə danışıqların təşəbbüskarı kimi çıxış etmir”.
Bu barədə məşhur ukraynalı politoloq, siyasi filosof, “Strategic Group Sofia” layihəsinin rəhbəri Andrey Yermolayev Oxu.az-a danışıb.
Politoloqun fikrincə, Ukrayna ilə Rusiya arasında, Türkiyədə qeyd edildiyi kimi, ikitərəfli danışıqlar formatı ehtimalı azdır. Ukraynanın mövqeyi məlumdur və Prezident Volodimir Zelenski bu barədə fikrini bildirib: “indi danışıqlar mümkün deyil”.
“Lakin heç kimə sirr deyil ki, Türkiyə təkcə danışıqların təşəbbüskarı kimi çıxış etmir. Eyni zamanda Qərb isteblişmentinin müəyyən hissəsinin nümayəndəsi kimi Rusiya ilə yeni güc balansı, şərti stabilləşmə ilə bağlı danışıqlara başlamaq niyyətindədir. Hesab edirəm ki, Rusiya prezidentinin mövqeyi indiki vəziyyətdə iki ölçüdə müəyyən edilməlidir. Bir tərəfdən o, Ukraynada müharibədə ilişib qalıb ki, bu da Rusiya Federasiyasının özünü daxili böhranlar təhlükəsi altında qoyur. Bu isə təkcə sanksiyalar və təcridin nəticəsi deyil, həm də çətin sosial-iqtisadi vəziyyət, elitadaxili mübarizə ilə bağlıdır.
Digər tərəfdən, Putin gizlətmirdi ki, Ukrayna ilə müharibə onun “kollektiv Qərb”lə böyük sövdələşməsinin bir hissəsidir. Bu müharibədə müəyyən nümayişkarlıq elementi var. Çünki yeni güc qütbünə iddialı kimi çıxış edən Rusiyanın nələrə hazır olduğunu göstərmək lazımdır. Bu baxımdan isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa İttifaqının, Britaniya və ABŞ isteblişmenti nümayəndələrinin müəyyən hissəsinin dəstəklədiyi üzə çıxarsa, o zaman Ukrayna geniş danışıqlar formatına və ya məsləhətləşmələrə gedə bilər”, – deyə Yermolayev qeyd edib.
Onun sözlərinə görə, müharibə indi elə bir mərhələdədir ki, hər hansı sadə qərar qəbul etməklə onu dayandırmaq mümkün deyil.
“Müharibə o halda dayandırıla bilər ki, hər hansı siyasi formul hazırlansın və bu formul ən azından yaxın gələcəyin müharibəsiz təsvirini verə bilsin. Bu isə o deməkdir ki, Ukrayna 2014-cü ildə və indi işğal olunmuş ərazilərin bərpası, eyni zamanda onların statusunun necə olacağı ilə bağlı aydın təkliflər almalıdır”, – deyə o fikrini ifadə edib.
Politoloq həmçinin vurğulayıb ki, Rusiya hakimiyyətinin Ukrayna vilayətlərini Rusiya Federasiyasının tərkibinə daxil etmək, yəni ilhaq etmək qərarı dönüş nöqtəsi olub.
“Bu vəziyyətdən yalnız iki çıxış yolu var. Birincisi odur ki, döyüşən tərəflərdən biri məğlub olacaq: təkcə hərbi planda deyil, həmçinin bundan sonrakı nəticələri nəzərə alan dövlət kimi. Bunu həm Kiyevdə, həm də Moskvada yaxşı başa düşürlər. İkinci variant hərbi əməliyyatların dondurulması şəraitində mürəkkəb çoxtərəfli prosesdir. Bu prosesin əsas şərti isə ərazilərin bu və ya digər statusunun olmasıdır, lakin bu, mütləq Ukraynanın nəzarəti altında olacaq”, – deyə Andrey Yermolayev əlavə edib.
Nair Əliyev
www.102info.az