Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçu qruplaşmanın rəhbərini saxlayıb.
Terrorçu qruplaşmanın federal hökuməti devirmək və Almaniyanın səhiyyə naziri Karl Lauterbaxı oğurlamaq niyyətində olduğu bildirilir.
Bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
“Bu gün (13 oktyabr 2022-ci il) Almaniya Baş Prokurorluğu həbs qərarı əsasında… Almaniya vətəndaşı Elizabet R.-i saxlayıb”, – deyə məlumatda qeyd edilir.
Qurumdan bildirilib ki, almaniyalı qadın Saksoniya polisinin köməkliyi ilə Reynland-Pfals dövlət kriminal polis idarəsinin əməkdaşları tərəfindən Mərkəzi Saksoniya rayonunda saxlanılıb.
Mövcud məlumatlara görə, Almaniya vətəndaşı federal hökuməti devirməyi, həmçinin Almaniya Səhiyyə Nazirliyinin rəhbərini qaçırmağı planlaşdıran, hətta zərurət yaranarsa nazirin mühafizəçilərini öldürməyi nəzərdə tutan terror təşkilatının rəhbəri olmaqda şübhəli bilinir.
Qeyd olunur ki, şübhəli şəxs həmfikirlərini öz sıralarına cəlb edib, həmçinin qruplaşma üçün silah və partlayıcı maddələr əldə edib.
Mənbə: Gazeta.ru
www.102info.az