“İran Azərbaycan əleyhinə bəyanatlara son qoymalıdır” – AÇIQLAMA + FOTO

Dünya

İran İslam Respublikası öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl açıqlamalar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiəsinə qalxırlar. İranın Zəngəzur dəhliziylə bağlı tutduğu mövqe də bu ölkənin Azərbaycanın maraqlarının reallaşmasına imkan verməməyə çalışdığını açıq şəkildə göstərir. 

Mövzu barədə Oxu.Az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, son dövrlər İranın regional siyasətdə atdığı addımlar və həyata keçirdiyi fəaliyyət onun açıq şəkildə ermənipərəst siyasət yürütdüyünü göstərir:

“Müxtəlif bəyanatlarda Azərbaycan hədəf alınır. Geosiyasi proseslərlə bağlı İranın mövqeyi qəbuledilməzdir. Azərbaycanla İran arasında ticari münasibətlər yüksələn xətlə inkişaf edir, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi istiqamətində yükdaşımaların həcmi artır. Lakin biz İranın yenə də Ermənistanı himayə etməsinin şahidi oluruq, Zəngəzur dəhlizi ilə bağlı İranın həyata keçirdiyi fəaliyyət və sərgilədiyi mövqe bütün sahələrdə olan proseslərə böyük zərbədir”.

Ekspert 30 illik işğal dövründə İranın Azərbaycanın milli-mədəni və dini abidələrinin dağıdılmasına susqunluqla yanaşmasından da söz açıb:

“Ermənistan Azərbaycan ərazilərini işğal etməklə geosiyasi dəyişikliklər həyata keçirmişdir, ancaq 30 il ərzindən biz İran tərəfindən geosiyasi dəyişikliklərlə bağlı hansısa bəyanat görmədik. Hazırda regionda mühüm proseslər getdiyi dönəmdə İran nədənsə “qırmızı cizgilər” və geosiyasi dəyişikliklər haqqında düşünməyə başlayıb. Bu, arzuolunmaz bir mənzərəni formalaşdırır. İran Azərbaycan əleyhinə bəyanatlara son qoymalıdır. 

İranda hazırda ictimai-siyasi proseslər də gərginliklə səciyyələnir, hökumət əleyhinə çoxsaylı nümayişlər və çıxışlar var, İran hökuməti onları sərtlik və amansızlıqla yatırır. Bundan əlavə, İranda olan azərbaycanlıların bütün hüquqları tapdalanır. Onların ana dilində təhsil almaq hüquqları qorunmur. İslam fundamentalizmi əsasında dövlət idarəçiliyini həyata keçirən İran Azərbaycanla dost olmaq əvəzinə 30 illik işğal dövründə Sarqsyan və Koçaryanla əlaqələr qurmaqda maraq göstərirdi. Beynəlxalq cinayətkarlarla əlaqələrin qurulması heç bir dövlət üçün baş ucalığı gətirmir. Bu baxımdan İran hazırkı proseslərə zərbə vurmamalıdır. Nəzərə almaq lazımdır ki, regionda sülh istiqamətində mühüm təşəbbüslər irəli sürülür və İranın hər bir bəyanatı bu sülhü kölgə altında qoyur”.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir