Ermənistan uzun illərdir uydurulan ideyalarla yaşayır. Havadarları və onlardan Azərbaycanla Türkiyəyə qarşı alət kimi istifadə edənlər dünya ermənilərinin, Ermənistan ictimaiyyətinin regionda baş verənləri doğru-düzgün dəyərləndirməsinə imkan vermirlər. Bu isə ilk növbədə bu etnik qrupun hadisələrdən yanlış nəticə çıxarmasına səbəb olur. 2020-ci ilin noyabrın 8-də imzalanan məlum Üçtərəfli Bəyanat, bu il Avropa İttifaqı Şurasının vasitəçiliyi, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli və ikitərəfli görüşlər Cənub Qafqazda və iki ölkə arasında yeni münasibətlərin yarandığının göstəricisidir.
Bu baxımdan qeyd etmək lazımdır ki, rəsmi İrəvan yeni reallığı iki il əvvəl məlum bəyanatla qəbul edib. Sənəd imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin “münaqişə həll olunub”, “heç status olmayacaq” kimi Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları ilə bağlı verdiyi açıqlamalar yeni reallığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Rəsmi Bakının məsələ ilə bağlı mövqeyi dəyişməyib. Oktyabrın 6-da Praqada keçirilən görüş nəticəsində Azərbaycan və Ermənistanın ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılıq əldə edilib. Həmin sənədə əsasən əvvəllər “Dağlıq Qarabağ” adlanan ərazi də rəsmi olaraq Azərbaycanın tərkib hissəsi sayılıb. Bu razılıq rəsmi Bakı ilə İrəvan arasında normallaşma prosesinin davam etməsi üçün vacib məsələlərdən biri sayılır.
Ermənistan liderləri ölkə ictimaiyyətinə bu reallığı izah etməyə başlayıb. Ölkə Prezidenti Vaaqn Xaçaturyan ötən həftənin sonunda keçirdiyi görüşdə bəhs etdiyimiz məsələyə toxunaraq bildirib ki, geosiyasi və regional vəziyyət dəyişdiyindən Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək:
“Həqiqətən çətin vaxtlardır. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən isə düzgün qərarlar qəbul etmək üçün reallığı dəyərləndirmək tələb olunur”.
V.Xaçaturyan daha sonra regional vəziyyətin dəyişdiyini etiraf edərək arzu və istəklərinin təmin olunmayacağını da vurğulayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan da görüşdə bu gerçəkliyin qəbul olunmasından bəhs edib. Bu, Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətə, dünyada və ölkədəki ermənilərə real vəziyyətə uyğun açıqlamasıdır. V.Xaçaturyanın bu çıxışını həm də regionda marağı olan dünya güclərinə ismarış saymaq olar. Rəsmi İrəvanın bununla Cənubi Qafqazda yaranan yeni vəziyyəti və şərtləri qəbul etdiyi ehtimalını da irəli sürmək mümkündür. Rəsmi İrəvanın reallığı qəbul etdiyi halda ermənilərdən davamlı olaraq öz dövlət, hakimiyyət və şəxsi hikkəli maraqlarını həyata keçirmək istəyən Ermənistan havadarları Azərbaycanla iğtişaş yaratmağa çalışırlar.
Məsələn, rəsmi İrəvanın bu mövqeyi ilə müxalifət sayılan parlamentdə “Ermənistan” fraksiyasının deputatı, Daşnaksütyun Partiyasının Baş Assambleyasının üzvü İşxan Saqatelyan da barışmır və hakimiyyətin ünvanına müxtəlif iddialar söyləyir. Havadar rolunda çıxış edən Fransa Prezidenti Emmanuel Makronla Koçaryanın bu fraksiyasının təmsilçisinin mövqeləri bir-birinə çox oxşardır. Ermənilər yüz illik yuxularının çin olmayacağını qəbul etməyə başladıqlar bir halda Fransa lideri öz xülyalarından danışır. Belə görünür ki, onun Cənubi Qafqazdan xəbəri yoxdur. Emmaunel Makron elə sanır ki, bu region Paşinyanla birlikdə Azərbaycan havası olan “Köçəri”ni erməni rəqsi adı ilə oynamaqdan ibarətdir.
Fransa Prezidentinin ermənilərdən çox erməniliyi sələfi Nikola Sarkozini yada salır. Liviyanın keçmiş lideri Müəmmar Qəddafi öləndən sonra onun ailəsi Fransada sabiq dövlət başçısına qarşı rüşvət almaq iddiası ilə bağlı məhkəməyə müraciət etmişdi. Məsələ ilə bağlı irəli sürülən ittihama əsasən, N.Sarkozi 2006-cı ildə M.Qəddafidən 50 milyon avro rüşvət alıb. Qəddafinin oğlu Seyf əl-İslam isə onda bildirmişdi ki, keçmiş Prezidenti atası ilə Liviyanı blokadadan çıxarmaq üçün gizli saziş imzalayıb. Məlumata görə, bu sazişi təsdiq edən sənədlər var. Söhbət 2006-cı ilin payız aylarına aid səs yazısından gedir. Nikol Sarkozi prezident seçkisindən əvvəl Liviya paytaxtı Tripoliyə səfər etmişdi. Oğul Qəddafinin sözlərinə görə, Sarkozi maliyyə tərəfdaşı axtarırmış və prezident seçilmək istəyirmiş:
“Liviya hökuməti isə səxavəti ilə şöhrət tapmışdı”.
Sarkozi hakimiyyətinin ilk illərində Liviya və Fransa arasında yaxınlaşma da bunu təsdiqlədi. Qəddafi iki dəfə Parisə səfər etmiş və Versal yaxınlığında çadır qurdurmuşdu. 2011-ci ildə isə hər şey dəyişdi. Qəddafi öldürüldü. Qəddafinin zirehli maşın karvanı fransızlar tərəfindən bombalandı. Nikola Sarkozi isə iddiaları təkzib edərək bu məsələnin “həyatını cəhənnəmə çevirdiyini” bildirmişdi.
44 günlük müharibə dönəmində Azərbaycan və Türkiyəni guya hansısa terrorçulardan istifadə etməkdə şantaj edən, Ermənistana İraq vasitəsi ilə silahlı terrorçu dəstələrin göndərilməsini təşkil edən Fransa hakimiyyətinin başçısı Makron və xarici işlər naziri Jan-İv Lö Drian müharibədən sonra Azərbaycan və Türkiyə ilə əməkdaşlığın genişləndirilməsindən və s. bu kimi məsələlərdən danışmaqla özlərini xoşməramlı göstərməyə çalışdılar.
Bu yaxınlarda Azərbaycanla təbii qaz və neftlə bağlı ölkəsinin heç bir müqaviləsinin olmadığını deməklə də Fransa lideri əsl mətləbini gizlətmədi. Onun çıxışından belə çıxdı ki, haqqı və ədaləti, beynəlxalq qanunlar yalnız neft və təbii qaz müqavilələri imzalandığı halda müdafiə edə bilərlər. Bu halda Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşamasında hansı mənəvi, siyasi mövqedən çıxış edir. Siyasi mövqeyi və regiondakı reallığı Ermənistan müxalifətinin sıradan bir nümayəndəsi üst-üstə düşünən Makronun təmsil etdiyi hakimiyyətin normallaşdırmaya vasitəçilik etməsi mümükünsüzdür. Onun çıxış və irəli sürdüyü iddialar Fransa prezidentinin erməni lobbisi qarşısında öhdəlik götürdüyünü ehtimal etməyə əsas verir. Çünki onun açıqlamasındakı təhriflər böyük vədlər qarşılığında belə icra edilə bilər. E.Makron bu kimi çıxışları ilə Azərbaycanla Ermənistan arasında iğtişaşların yaranmasına və qarşıdurmanın yenidən başlamasına xidmət edir.
O, bununla Fransa dövlətinin regiondakı maraqlarının perspektivinə də kölgə salır, regionda ona qarşı etibara və etimada zərbə vurur. O zaman belə suallar yaranır:
– Emmanuel Makron erməni lobbisi və havadarlarından nə alıb?
Sarkozi hadisəsi Fransanın indiki liderindən şübhələnməyə əsas verir.
– Görəsən, erməni lobbisi bu sirri və şübhəli məsələlərə nə vaxt aydınlıq gətirəcək?
– Bunun üçün Ermənistanın Liviyaya çevirilməsinə ehtiyacmı var?
Hər halda 40 günlük möhlət Makrona da şamil edilə bilər…
“Report” İnformasiya Agentliyi
www.102info.az