Ermənistanın Cermuk (İstisu, Dərələyəz mahalı) istiqamətində xidmət edən yüksək rütbəli hərbçilərindən biri diqqət çəkən etiraflarla çıxış edib.
“Qara Pantera” adlandırılan dəstənin komandiri Serob Qasparyan Ermənistanın “Hraparak” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan ordusu artıq öz ərazisində yerləşən yüksəkliklərdə mövqelərini möhkəmləndirib:
“Onlar çox ağır tikinti işləri aparıb, yeni yollar çəkiblər. Cermuk ətrafında yerləşən bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır”.
Erməni komandir Ermənistan ordusunun təminatı ilə Azərbaycan hərbçilərinin təminatını da müqayisə edib.
O vurğulayıb ki, əgər Ermənistan ordusunun mövqelərinə ərzaq piyada daşınılırsa, Azərbaycan tərəfində vəziyyət tam əksinədir.
“Onlar mövqelərə aparan yolları tez bir müddətdə bərpa ediblər. Elə keyfiyyətli yollar salıblar ki, hətta mülki əhalinin istifadə etdiyi minik avtomobilləri ilə də o dağların arasından sürətlə keçmək mümkündür. Onlar əsgərini düşünüb səngər qazırlar, müdafiə üçün nəhəng həcmdə dəmir-beton materiallardan istifadə edirlər, qarışqa kimi işləyirlər”, – deyə komandir S.Qasparyan vurğulayıb.
www.102info.az