Aktyor Entoni Reppə qarşı təcavüz ittihamı ilə əlaqədar məhkəməyə çıxarılan Hollivud ulduzu Kevin Speysi bəraət alıb.
Belə ki, Nyu-Yorkda Andlılar Məhkəməsi artistin 1986-cı ildəki hərəkətlərinin o zaman 14 yaşı olan Reppə qarşı seksual xarakter daşımadığı qənaətinə gəlib.
Qeyd edək ki, Repp hadisə baş verən gün Speysinin ona cinsi təcavüz etməyə cəhd göstərdiyini iddia edib. Zərərçəkmişin sözlərinə görə, o, aktyorun evindən qaça bilib və uzun illər baş verənləri danışmağa cəsarət etməyib.
Yalnız bu səssizlik 2017-ci ilə kimi davam edib. Repp nəhayət, cürətə gələrək Speysiyə qarşı ittiham irəli sürüb.
Aktyor isə Reppin dediklərini fərziyyə adlandırıb.
Əlavə edək ki, artist ən az 15 nəfər, o cümlədən “Kartdan Ev” serialında oynayan doqquz həmkarı tərəfindən təqib və zorlamada ittiham olunub. Lakin 2019-cu ildə Massaçusets prokurorları Speysiyə qarşı cinsi təcavüz ittihamlarını ləğv ediblər. Buna baxmayaraq, ittihamlar onun karyerasına zərbə vurub. Belə ki, qalmaqallar fonunda aktyor “Kartdan Ev” serialının çəkilişindən uzaqlaşdırılıb. “Dünyanın bütün pulları” (“All the Money in the World”) filmindəki rolu isə Kristofer Plammerə həvalə olunub.
İki dəfə “Oscar” mükafatına layiq olan aktyor isə ona qarşı irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edib.
Mənbə: lenta.ru
www.102info.az