Avstraliyanın Yeni Cənubi Uels ştatının islah işləri naziri Cef Li BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin islah müəssisələrinə baş çəkməsinə və orada “mövcud olmayan problemlər” axtarmasına icazə verməyəcəyini bəyan edib.
Qurum rəhbəri müvafiq bəyanatla yerli parlamentdə çıxış edib.
“Onlar (müfəttişlər – red.) içəri buraxılmamalıdırlar. Onlar bizə yersiz irad bildirmək və mövcud olmayan problemləri axtarmaq üçün gəliblər. BMT ağ çörəyin çox nazik dilimləndiyini, pilləkənlərin çox dar olduğunu və məhbusların tənha qalmaq istəyini təmin etmək üçün kameralara jalüzlər qoyulmasını söyləməkdənsə İran kimi işgəncələrə meyilli ölkələrə diqqət yetirməlidir”, – deyə Li ştat parlamentində çıxış edərkən deyib.
Qeyd edək ki, BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsi bir müddət öncə Avstraliya hökumətini onun missiyasına mane olmaqda ittiham edib və ölkəyə planlaşdırılan səfəri dayandırmaq qərarına gəlib.
Mənbə: TASS
www.102info.az