Oktyabrın 25-də Ukraynaya genişmiqyaslı müharibədən sonra ilk səfərinə gələn Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə simvolik süsən buketi hədiyyə edilib. Ukraynalılar liderə eyham vurublar ki, onlar vəd edilmiş “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını gözləyirlər (süsən gülü Ukrayna dilində “iris” adlanır – red.).
Müvafiq fotolar “Ukrzaliznitsiya”nın (Ukrayna Dəmir Yolları) “Telegram” kanalında nümayiş etdirilib.
Məlumata görə, prezident Kiyevə qatarla yollanıb.
Kupedə masaya həmçinin üzərində “IRIS-T” hava hücumundan müdafiə sistemi əks olunan açıqcalar da olub.
Qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts daha əvvəl Ukraynaya yaxın gələcəkdə daha üç “IRIS-T” zenit-raket kompleksi veriləcəyini bildirib.
İlk belə kompleks artıq təhvil verilib. Ukraynanın Baş naziri Denis Şmıqal “İRİS-T” hava hücumundan müdafiə sisteminin cəbhədə nəticə göstərdiyini bildirib. Xüsusilə, sistem Kiyev vilayətində bir çox insanın həyatını xilas edib.




Mənbə: Obozrevatel
www.102info.az