ABŞ dağıdıcı daşqınlardan zərər çəkmiş Pakistan əhalisinə 30 milyon dollarlıq humanitar yardım göstərəcək.
Bu barədə ABŞ-ın Pakistandakı səfirliyindən məlumat verilib.
“Yeni yardım paketi təbii fəlakətdən ən çox zərər çəkmiş 4 milyondan çox pakistanlının təcili ehtiyaclarını qarşılayacaq”, – deyə diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, bir müddət öncə Vaşinqton daşqınların aradan qaldırılması və sakinlərə yardım üçün Pakistana 97 milyon dollara qədər yardım edəcəyini açıqlayıb.
Xatırladaq ki, Pakistan hökumətinin məlumatına görə, ölkədə baş verən dağıdıcı daşqınlar əsrin ən böyük iqlim faciələrindən birinə çevrilib. Təbii fəlakət nəticəsində 1700-dən çox pakistanlı həlak olub, 33 milyon insan isə təbii fəlakətdən zərər çəkib. Daşqınların ölkəyə vurduğu ziyan 40 milyard dolları ötür.
Mənbə: TASS
www.102info.az