Rusiyanın Smolensk şəhərində xaricə getmək istəyən gəncə hərbi komissarlıqdan qəribə bildiriş gəlib.
Bildirişdə onun 2222-ci ilə qədər Rusiyadan çıxmasına qadağan qoyulduğu qeyd edilib.
Bu yaxınlarda Finlandiya Universitetində təhsil alan Valentin adlı gənc Belarusun Minsk şəhərinə tətilə gedib. Geri qayıdarkən Belarus sərhədçiləri onun ölkədən çıxmasına üç dəfə mane olublar.
Bu halda gənc Rusiyanın Sortaval şəhərindən keçməklə ölkədən çıxmağa cəhd edib. Lakin gözlənilmədən Smolensk vilayətinin hərbi qeydiyyat və komissarlığı tərəfindən ona bildiriş təqdim olunub. Bildirişdə gəncə 31 mart 2222-ci ilə qədər ölkəni tərk etməyin qadağan olunduğu qeyd edilib.
Valentin indi iki əsr ərzində nə etməlidir və Finlandiyada təhsilini necə davam etdirə bilər – heç kim bilmir. Halbuki gənc səfərbərlikdən əvvəl xarici universitetə daxil olub, çağırış vərəqəsi almayıb, heç vaxt orduda xidmət etməyib və yalnız hərbi kafedrada təhsil alıb.
Maraqlıdır ki, Valentinin əhvalatı hərbi komissarlığın nadir səhvinə bənzəmir. Çünki sosial şəbəkələrdə istifadəçilər artıq iki əsr ərzində ölkədən çıxışa qadağa qoyulması ilə bağlı oxşar bildirişlər aldıqlarına dair fotolar paylaşırlar.
Mənbə: “Baza” “Telegram”
www.102info.az