Efiopiya hökuməti və Tiqray bölgəsindəki separatçılar iki il davam edən vətəndaş müharibəsindən sonra sülh razılaşması barədə razılığa gəliblər.
Bu barədə danışıqlarda bir qrup vasitəçiyə rəhbərlik edən Nigeriyanın keçmiş prezidenti Oluseqan Abasanyo bildirib.
O qeyd edib ki, saziş həm də “asayişin bərpası, xidmətlərin bərpası, humanitar yardımların maneəsiz əldə edilməsi və mülki şəxslərin müdafiəsi”ni nəzərdə tutur.
“Sülh prosesi indi başa çatmır. Bu gün imzalanmış sülh sazişinin həyata keçirilməsi uğur üçün çox vacibdir”, – deyə danışıqlar qrupunun rəhbəri vurğulayıb.
O əlavə edib ki, Afrika İttifaqının nümayəndələrindən ibarət xüsusi yaradılmış qrup sülh sazişinin şərtlərinə əməl olunmasına nəzarət edəcək.
Efiopiyada iki ildən artıq davam edən vətəndaş qarşıdurması minlərlə insanın həyatına son qoyub, iki milyon insan yeni ev axtarmağa məcbur olub, yüz minlərlə insan aclıq təhlükəsi ilə üzləşib.
Xatırladaq ki, bir neçə ay əvvəl Efiopiya hakimiyyəti 300-dən çox yaraqlının məhv edildiyini açıqlamışdı.
Mənbə: Reuters
www.102info.az