İranda əhalinin etiraz aksiyaları səngimir. Xüsusilə Zahidan, Qum, Əhvaz, Hürmüzqan, Kazerun, Rask və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.
“Report”un xəbərinə görə, etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bəsicə ölüm!”, “Qadın, həyat, azadlıq!” “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.
Sistan-Bəlucistan əyalətində Zahidanin cümə imamı Mövlana Məhəmməd Osman Qələndərzahi Xaş şəhərində üsyana çağırış etdikdən sonra Xameneinin Zahidanda yerləşən hökumət qüvvələrinin yarısı Xaş şəhərinə göndərilib. Zahidan şəhərində etirazçılar Xameneinin bannerini ayaqları altına alaraq tapdalayıblar.
Cümə namazından sonra Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan və Xaş şəhərlərində etiraz aksiyaları başlayıb. Zahidan şəhərində namaz qılanlar cümə namazından geri dönərkən radikal “Bəsic” qüvvələrinə qarşı şüar səsləndiriblər.
Sistan və Bəlucistan əyalətində qəzəbli əhali yarımhərbi və radikal “Bəsic” qüvvələrinin qərargahına hücum edərək oranı dağıdıblar. Rask şəhərində etnik bəluc etirazçılar ümumxalq qiyamına dəstək verərək “Xameneiyə ölüm!” şüarının sədaları altında İslam Respublikasının bayrağını yandırıblar. Cəkigor şəhərində etirazçılar təkərlər yandıraraq tranzit yolunu bağlayıblar.
Fars əyalətinin Kazerun şəhərində gənc etirazçı yarımhərbi və radikal “Bəsic” qərargahına əldəqayırma qumbara atıb. Şiraz şəhərində İranın molla rejiminə etiraz məqsədilə hicabını başından açan gənc qadın yolun ortası ilə hərəkət edərək “Qadın, həyat, azadlıq!” şüarı səsləndirib, avtomobil sürücüləri və ətrafdakılar da ona dəstək veriblər.
Hürmüzqan əyalətinin Kiş adasında 20 yaşlı qız hökumət qüvvələri tərəfindən iki metr məsafədən ov tüfəngi ilə vurulub.
Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində azadlıqsevər gənclər Bivəran kəndində polis şöbəsinə hücum edərək ələ keçirməyə çalışıblar.
Qum əyalətinin Qum şəhərində gənclər mollanın əbasının arxa tərəfinə “Təqib olunur. Top, tank, fişfişə, molla gərək rədd ola!” şüarı yazılmış vərəqə yapışdırıblar.
İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-si uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı, məlumatda 15 092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.
“Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etnik bəlucların Tehran hökuməti tərəfindən öldürülməsinin 40 mərasimi ilə bağlı bəyanat yayıb. Qurum bəyanatda Zahidan şəhərində 108, Xaş şəhərində 16 sünni məzhəbli etnik bəlucun nümayişlər zamanı hökumət qüvvələri tərəfindən öldürülməsini pisləyib.
Məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib ki, son hadisələrin əsas səbəbkarlarını təqib edib cəzalandıracaq, onlara qarşı sərt tədbirlər görəcəklər.
Hökumət nümayəndəsi Əli Bahaduri Cahromi Televiziya və Radio Universitetinin tələbələri ilə görüşündə polis qüvvələrinin “bu hökumətdən” atəş açmaq icazəsinin olmadığını iddia edib və eyni zamanda hədələyib:
“Əks halda, polis qüvvələrinin döyüş güllələrinin atması su içmək kimi olardı!”
Onun bu sözləri sosial şəbəkələrdə tənqidə səbəb olub.
www.102info.az