Ukraynanın “Ukroboronprom” dövlət konserni ən azı altı NATO üzvü ölkə ilə birlikdə ağır silah və hərbi texnika istehsal edəcək.
Bu barədə dövlət konserninin saytında yerləşdirilən məlumatda bildirilib.
“Ukrayna NATO-nun hərbi-sənaye kompleksinə inteqrasiya edir. “Ukroboronprom” Alyansın ən azı 6 üzvü ölkəsi ilə birlikdə ağır silahlar və hərbi texnika istehsal edib inkişaf etdirəcək”, – deyə məlumatda qeyd edilib.
Söhbət əsasən Polşa, Çexiya, Fransa, Danimarka və bir sıra digər ölkələrdən gedir. Bu ölkələrlə imzalanmış müqavilələrdə hər hansı məlumatın açıqlanması nəzərdə tutulmur.
“Beləliklə, biz müştərək müdafiə müəssisələri yaradırıq, qapalı dövrəli döyüş sursatları istehsal xətləri qururuq, birlikdə zirehli texnika və reaktiv yaylım atəş sistemləri istehsal edir və birgə yeni yüksək texnologiyalı silahlar hazırlayırıq”, – deyə “Ukroboronprom”dan açıqlama verilib.
“Mövcud beynəlxalq müdafiə layihələrinin inkişafını və yenilərinin yaranmasını sürətləndirmək üçün “Ukroboronprom” və Xarici İşlər Nazirliyi fəaliyyətlərin gələcək koordinasiyası barədə razılığa gəliblər. Bu, Ukraynanın hərbi sənaye kompleksinin gücləndirilməsi üçün daha çox xarici tərəfdaşların cəlb edilməsinə kömək məqsədi daşıyır”, – deyə “Ukroboronprom” əlavə edib.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az