İranda mövcud rejimə qarşı artıq üçüncü aydır davam edən xalq etirazları səngimək bilmir.
Hakimiyyətin getdikcə artan zorakılığına, repressiv qüvvələrin bütün qəddarlığına baxmayaraq, etirazçılar nəinki geri çəkilir, əksinə, rejimin basqılarına müqaviməti artırır.
Son günlər ölkənin müxtəlif bölgələrində baş verən toqquşmalarda təhlükəsizlik qüvvələrinin yüksək rütbəli məmurlarının öldürülməsi və ya ağır yaralanması hakimiyyətin öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin səmərə vermədiyini, etirazçıları geri oturtmaq əvəzinə, daha da radikallaşdırdığını göstərməkdədir.
Noyabrın 19-da İsfahan əhalisinin bir qrupu ilə görüşündə İranın ali rəhbəri Ayətullah Əli Xameneyi artıq ikinci dəfə: “Şübhəsiz, etirazlar yığışdırılacaq” deyə, bəyan edib.
Lakin sonrakı günlər bunun əlamətlərinin ortada olmadığını nümayiş etdirib. Belə bir şəraitdə İran hakimiyyəti öz əvvəlki ritorikasını dəyişməyə məcbur olub.
Noyabrın 23-də İran prezidenti İbrahim Rəisi hökumətin iclasında çıxış edərkən deyib:
“Hökumət etirazı və müxalif sözü eşitməyə hazırdır. İğtişaşlar həm dialoqa mane olur, həm də hər cür inkişafa əngəl törədir”.
Hakimiyyət mediasında geniş şəkildə tirajlanan bu sözlər bir çoxları tərəfindən rejim rəhbərlərinin xalq etirazlarının öhdəsindən gələ bilməməsinin etirafı, eləcə də etirazçılarla danışıqlara girmək istəyinin ifadəsi kimi şərh olunub.
Daha ətraflı “Azad İran”ın süjetində:
www.102info.az