Türkiyənin 60 illik arzusu: “Akkuyu” nüvə mərkəzi enerji təhlükəsizliyinə mühüm töhfə olacaq – ŞƏRH + FOTO

Dünya

Son illər iqtisadi, siyasi və hərbi sahədə ciddi uğurlara imza atan qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda və hətta ətraf bölgələrdə Türkiyənin iştirakı olmadan hansısa ciddi layihənin icrası faktiki olaraq mümkün deyil. 15 il əvvəlki Türkiyə ilə bugünkü Türkiyə hərbi, iqtisadi və siyasi baxımdan ciddi fərqlənir. Enerji habına çevrilən Türkiyə öz maraqlarından çıxış edərək istənilən dövlətlə, təşkilatla münasibətlər qurur, irimiqyaslı layihələrə imza atır.

Bir neçə il əvvəl Rusiya ilə nüvə sahəsində əməkdaşlıq anlaşması əldə olunub və anlaşmaya əsasən, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” nüvə mərkəzi inşa edir. 10 kvadratkilometr ərazidə 4 min 800 meqavat gücə malik 4 reaktordan ibarət ilk nüvə elektrik stansiyasının inşası hazırda davam edir. Stansiyanın artıq gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bu günün reallığı odur ki, əgər hansısa bir dövlət dünyada güclü iqtisadiyyata malik olmaq hədəfini seçibsə, mütləq nüvə enerjisinə malik olmalıdır. Dünyada ən çox istifadə olunan enerji mənbələrindən biri sözsüz ki, nüvə enerjisidir və qardaş ölkə də bundan yararlanmağa çalışır.

Türkiyənin qarşıdakı dövrlərdə yeni bir nüvə stansiyası layihəsi də var. Türkiyə Nüvə Sənayesi Assosiasiyasının rəhbəri Alikaan Çiftçinin türk mediasına dediyi kimi, ölkədə enerji tələbatını ödəmək üçün bir neçə atom elektrik stansiyasına ehtiyac var. Bu layihənin reallaşması Türkiyə sənayesi, iqtisadiyyatı üçün böyük dəstək olacaq. AES Ankara və İzmirin elektrik tələbatının hamısını, İstanbulun isə 90 faizini qarşılaya biləcək.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

ABŞ Türkiyənin AES sahibi olmasına qarşı çıxıb

Türkiyənin Ukraynadakı müharibə səbəbindən Rusiya ilə AES tikintisi razılaşmasını donduracağı ehtimalları da özünü doğrultmadı. Etiraf etmək lazımdır ki, rəsmi Ankaraya bu istiqamətdə xeyli təzyiqlər də oldu. Lakin gözləntilərin əksinə olaraq, Türkiyə onun üçün zəruri olan bu layihəni dayandırmadı. Qardaş ölkə son 60 ildə nüvə sisteminə sahib olmaq istiqamətində ciddi cəhd göstərib. Lisenziyanı illər öncə alsa da, indiyə qədər nüvə stansiyası tikə bilməyib. Qərb ölkələri, xüsusən də NATO üzrə müttəfiqi Birləşmiş Ştatlar hər vəchlə Ankaranın nüvə stansiyası əldə etmək istəyinə mane olub.

Lakin Rusiya ilə “Akkuyu” Nüvə Stansiyasının tikintisi ilə bağlı anlaşma imzalamaqla Türkiyə bütün maneələri aradan qaldırmış olub. Bu sazişə uyğun olaraq 300 türkiyəli tələbə Rusiyanın ən nüfuzlu ali məktəblərində nüvə enerjisi mühəndisliyi üzrə təhsil alıb. Hədəfi nüvə enerjisi olan Türkiyə hesab edir ki, ölkədə istehsalın genişlənməsi enerji məsrəflərinin azalmasından keçir. Bu səbəbdən də nüvə enerjisinin əldə olunmasını iqtisadiyyatı canlandıracaq vasitə kimi nəzərdən keçirir.

Birləşmiş Ştatlarda hakimiyyətdə olan bütün prezidentlər Türkiyənin nüvə enerjisi əldə etməsinə açıq şəkildə etiraz edib. Alternativ mənbələrə müraciət etməyə məcbur olan Ankara hətta Cənubi Koreya ilə nüvə stansiyasının tikilməsi ilə bağlı razılaşma da əldə etsə də, onu reallaşdırmaq mümkün olmadı. Nəhayət ki, Rusiya ilə anlaşma imzalandı. Məhz Akkuyu layihəsindən sonra Türkiyənin bu stansiyanı qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyacı yarandı və bu məqsədlə “S-400” zenit qurğuları alındı.

“S-400” sistemləri məhz nüvə stansiyasını və Türkiyənin Aralıq dənizindəki maraqlarını qorumaq üçün alınıb. Bilindiyi kimi, Aralıq dənizində yeni enerji ehtiyatlarının tapılması ilə bölgədə gərginlik yüksəlib. Bu mərhələdə Türkiyə üçün güclü hava hücumundan müdafiə sistemləri lazımdır.

Türkiyənin kifayət qədər xammal ehtiyatı var

Türkiyə ciddi xammal ehtiyatlarına da malikdir. Bu da onu xarici tədarükçülərdən asılı vəziyyətə salmır. Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına əsasən, ölkənin uran mədənlərində sübut edilmiş ehtiyatın həcmi 9 min ton təşkil edir. Bu da 30-35 il uranla təminat üçün kifayətdir.

Ehtiyatlara ən azı 380 min ton torium filizini də əlavə etmək olar. Akkuyuda istehsal olunacaq enerji kilovat-saat iş vəziyyətindən asılı olaraq ən aşağı 12,3 sentdən, ən yüksək qiymətlə isə 15,33 sentdən satılacaq. Türkiyə dövləti hər il “Akkuyu” AES-i işlədən şirkətə 2 milyard 157 milyon dollardan 2 milyard 682 milyon dollara qədər pul ödəyəcək.

Son 12 ildə qazanılan ən böyük uğur

Türkiyənin son 12 ildə qazandıqları qardaş ölkənin AES kimi bir çox böyük layihələrin öhdəsindən gələ biləcəyini göstərir. Müasir dünyada nüvə enerjisiz böyük ölkə olmaz. Əgər bu gün Akkuyu fəaliyyət göstərmiş olsaydı, Türkiyə enerji ehtiyacının 28 faizini təmin edərdi. Bu, 10 il əvvəl baş tutsaydı, təbii qaza 14 milyard dollar az pul xərcləyərdi. Bütövlükdə Türkiyə hakimiyyəti “Akkuyu” AES-dən əlavə daha iki atom elektrik stansiyası tikmək niyyətindədir. “Akkuyu” Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.

Sonda bir məsələni də qeyd edək ki, “Akkuyu”nun reallaşması “Metsamor” AES-in bağlanmasını da gündəmə gətirib. Yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də bu stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar ürəkaçan deyil. Erməni ekoloji təşkilat fəalları da hesab edirlər ki, “Metsamor” olduqca təhlükəlidir. Onun 37 yaşlı reaktoru regionu ciddi miqyasda təhlükə ilə üz-üzə qoyur. Bunu təkcə region ölkələri deyil, dünya birliyi də düşünməlidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir