Rusiya Ukraynadakı müharibənin taleyini Kiyev üçün məğlubiyyət, özü üçün strateji qalibiyyət kimi nəticələndirmək üçün canfəşanlığını artırır.
Rusiyanın işğalçı caynaqlarının Ukraynanı didib-dağıtmaq cəhdi Avroatlantik məkanda sabitliyin pozulması üçün yaşıl işıqlar yandırır.
Müharibə davam etdikcə, Avropa İttifaqı ABŞ və Böyük Britaniyadan Rusiyaya qarşı həmlələr üçün təlimatlar alır. Lakin döyüşlərin bütün mərhələlərində Avropa İttifaqının aldığı təlimatlar qarşısında tab gətirməsi çətinləşir. Ukraynadakı müharibənin nəticələri Avropa İttifaqının taleyini müəyyən edən başıbəlalı prosesə çevrilib. Müharibənin gedişatları və nəticələri – nə olursa-olsun – Avropa İttifaqı modelinin parçalanaraq tarixin arxivinə göndəriləcəyi ehtimallarının böyüyüb şişməsinə gətirib çıxarır.
Birincisi, Rusiya Ukraynada qalib gəlsə, Avropa İttifaqı Moskvanın “ağuş”una düşə bilər və Kremlin təhdid oxları qoca qitənin bir neçə ölkəsinə tuşlanmaq potensialını göstərər.
İkincisi, Ukrayna qalib gəlsə, yenə də Avropa İttifaqı təhdid altında inləmək riski ilə qarşılaşa bilər. Çünki Moskva Avropanın başqa regionlarındakı münaqişələri qızışdırmaqla məğlubiyyətinin qisasını almaq ruhunu özündə saxlayır.
Yəni Ukraynadakı müharibədəki taktiki gedişlər və strateji hədəflər uğrunda nəhəng toqquşmalar Avropa İttifaqının təhlükəsizlik arxitekturasını qoruması üçün alternativ tədbirlər görməsini şərtləndirir.
Rusiya Ukrayna cəbhəsində maksimalist hədəflərindən uzaqlaşmayıb və nəyin bahasına olursa-olsun, Kiyevi öz çətiri altında təslimçilik aktına imza atdırmaq sevdasından əl çəkmir.
Lakin taktiki məğlubiyyətlər, işğal olunan ərazilərin müdafiəsindəki boşluqlar, Ukraynanın güclü əks-hücum əməliyyatları Rusiyanın irəliləməsini ləngidir və Moskva alternativ hərbi planlara müraciət edir.
Rusiya Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovun yenidən Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi növbəti ağır döyüşlərin baş verəcəyinin indikatorudur.
Komandanlıq zəncirində kimin və nə üçün olması Rusiyanın təhlilinin vacib hissəsi olaraq qalır.
Gerasimov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir sıra uğursuzluqlar zəncirinin səbəbkarı kimi göstərilib və Moskva onu yaşanan taktiki məğlubiyyətlərə görə cəzalandıraraq komandan vəzifəsindən kənarlaşdırıb.
Ondan sonra komandanlıq strukturu bir neçə dəfə əl dəyişdirib və sonuncu dəfə bu vəzifəyə Sergey Surovikin təyin edilib. Bu dəfə isə Surovikin Gerasimovun Ukrayna Komandanlığında müavini kimi fəaliyyət göstərəcək.
Bəs nə baş verdi ki, Gerasimov Ukraynada buraxdığı səhvlərə rəğmən, növbəti dəfə komandanlığı ələ keçirdi?
Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov müharibə başlayandan bəri tənqid atəşinə tutulan ali vəzifəli hərbçilərdir və bu, müharibə sevdalısı Rusiyanın başqa ölkələr üçün cəza aparatının imicini zədələyirdi.
Rusiya Müdafiə Nazirliyinə açılan “atəş”lər hərbi-siyasi elita arasındakı daxili güc çəkişməni şiddətləndirirdi və fürsətcil “xeyirxah”lar boşala biləcək kresloları qamarlamağı planlaşdırırdı.
Rusiya özünün cəbr aləti olan Müdafiə Nazirliyinin dağılmış nüfuzunu hansısa formada təmir etməli idi. Gerasimovun yenidən köhnə vəzifəsinə qaytarılması Kremlin daxili güc mübarizəsində Rusiya Müdafiə Nazirliyinin üstünlüyünü gözə soxmaq üçün siyasi qərar kimi düşünülə bilər.
Ancaq Gerasimov da komandanlığın başına gəlmək üçün Rusiya Prezidenti Vladimir Putini nəyəsə inandırmalı idi. Yəni Gerasimov Ukraynanı süquta uğratmaqdan ötrü tərtib edilmiş yeni planı ölkə liderinin qarşısına qoya bilər.
Gerasimov, Rusiyanın hücum əməliyyatlarının faktiki olaraq Donetskə yönləndirildiyini nəzərə alsaq, bunun müəyyən faydalarını üzə çıxarmağa məhkumdur.
Çünki Rusiya qoşunları Baxmutda, Soledarda güclü müqavimətlə üzləşir. Gerasimov böyük ehtimalla Soledarın, ardınca da Baxmutun tutulmasını Ukraynanı müxtəlif imitasiyalar vasitəsilə, tora salmaqla reallaşdırmaq istəyir.
İkinci bir tərəfdən, Gerasimov ordudakı rəqibi Surovikinin döyüş planlarının qeyri-effektiv olduğuna Putini inandıra bilərdi. Çünki Surovikin “Baxmut imtahanı”ndan üzüağ çıxmadı. Ukrayna şəhərlərinin ard-arda intensiv raket zərbələrinə məruz qalması belə, “Baxmut qalası”nı təslim edə bilmək potensialına yaxınlaşmadı.
Gerasimovun qayıdışı Rusiyanın müdafiə və təhlükəsizlik landşaftında dəyişikliklər əsasında davamlılığın göstərilməsinə, hərbi strategiya baxımından Ukraynada nələr olacağı barədəki sualların təxirə salınmasına xidmət edir.
Gerasimovun geri dönüşünün Rusiyanın yenidən Belarus ərazisindən Kiyevə hücum edəcəyi gözləntiləri fonunda da Kreml üçün düşərli olacağını söyləmək isə tezdir.
Çünki müharibənin ilk günlərində Rusiya Belarusdan hücuma başlayanda Ukraynanın müqavimət göstərmək qabiliyyətini lazımınca qiymətləndirməmişdi.
İndi də Belarus ərazisindən həmlə risk deməkdir və Minsk özü də müharibədəki cinayətlərə şərik olmaqdan boyun qaçırır.
Rusiya-Ukrayna müharibəsinin uzanmasını Gerasimovun Ukraynadakı orbitinə geri qayıtması təsdiqləyir. Bu ssenari Ukrayna ilə yanaşı, Avropa İttifaqı üçün də geosiyasi kabusdur.
Bu kabusu yalnız NATO-nun Ukraynaya silah yardımlarının davamlılığı və Ukraynanın əks-hücum əməliyyatlarının effektivliyi hansısa formada dağıda bilər. Ancaq bir kabusun aradan qalxması hələ başqa dəhşətlərin olmayacağına dəlalət etmir…
Aqşin Kərimov
www.102info.az