Saqqal qadağasına dair göstəriş Rusiya ordusunda etirazlarla qarşılanıb.
Belə ki, bir neçə gün əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev orduda hərbçilərin saqqal saxlamasının nizam-intizam qaydalarına zidd olduğunu söyləmişdi.
Qadağaya ilk reaksiya Çeçenistanın başçısı Ramzan Kadırovdan gəlmişdi.
R.Kadırov bildirmişdi ki, Sobolevin sözləri döyüşçülərin əzmini qırmaq məqsədi daşıyır və açıq-aşkar təxribatdır.
“Bu saqqallılar hərbi rəhbərliyin bütün tapşırıqlarını yerinə yetirirlər. Bizim komandada 99,9 faiz döyüşçü saqqal saxlayır, ona qulluq edir və sünnəyə uyğun geyinir”, – Kadırov açıqlamasında bildirmişdi.
Bu gün isə Rusiya mətbuatında “Vaqner” özəl hərbi təşkilatın sahibi və Vladimir Putinin ən yaxın adamı sayılan Yevgeni Priqojinin saqqal qadağası ilə bağlı açıqlaması yayılıb.
O, Çeçenistan rəhbəri Ramzan Kadırovun mövqeyini dəstəkləyib və orduda saqqal qadağasına dair göstəriş verən generalı tənqid edib:
“Zek”lər qvardiya birliklərindən daha yaxşı döyüşürlər. Onurğaları qırılan döyüşçülər, robotlar kimi, öz təcrübələrini bölüşmək məqsədi ilə təlim düşərgələrinə gedirlər. Bir dəstə təlxək isə ağır hərbi əməliyyatlardan çıxmış döyüşçülərə neçə dəfə üz qırxmağı və yoxlamaya gələn yuxarı komandanlığın qarşına hansı görkəmdə çıxmağı öyrətməyə çalışır”.
Y.Priqojin əlavə edib ki, Rusiyada ordunu qlamurlaşdırmaq istəyənləri uzunmüddətli həbsə göndərmək lazımdır.
Mənbə: Lenta.ru
www.102info.az